UNEC-in 20 tələbəsi ABB-nin “Data və süni intellekt sertifikasiya proqramı”nı başa vurub
Azərbaycan Beynəlxalq Bankı (ABB) və UNEC-in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Data və süni intellekt sertifikasiya proqramı”nın bağlanış mərasimi keçirilib.
UNEC-dən Azturkxeber.az-a bildirilib ki, altı aydan artıq davam edən proqram çərçivəsində ABB-nin mütəxəssisləri tərəfindən tələbələrə data analitikası və süni intellekt sahələrində nəzəri və praktiki təlimlər keçirilib. Eyni zamanda, iştirakçılar üçün bankla tanışlıq, real iş mühitində öyrənmə imkanları və müxtəlif master-klaslar təşkil olunub.
Proqramı uğurla başa vuran 20 nəfər UNEC tələbəsindən 8-i yüksək nəticə göstərərək fərqlənmə ilə məzun olub.
Bağlanış tədbirində ABB-nin baş direktoru Aynur Süleymanlı, baş direktor və baş informasiya inzibatçısı Nihat Şenyuva, UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı Elman Cəfərov, Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə və Karyera Mərkəzinin direktoru Sevinc Məcid iştirak ediblər.
Çıxış edənlər universitet–sənaye əməkdaşlığının tələbələrin peşəkar bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayaraq, proqramın iştirakçılara əmək bazarının tələblərinə uyğun bilik və praktiki təcrübə qazandırdığını bildiriblər.
Sonda proqramı uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:




