Bakıda “Birinci Türkoloji Qurultay: Yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres davam edib
Bakıda keçirilən “Birinci Türkoloji Qurultay: Yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres iyunun 30-da işini panel müzakirələrlə davam etdirib.
Tədbirin ikinci günündə iştirakçılar əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin yerləşdiyi tarixi İsmailiyyə binası ilə tanış olublar. Bildirilib ki, Venesiya memarlıq üslubunda inşa edilən bina 1908-ci ildə tikilməyə başlanıb, 1913-cü ildə istifadəyə verilib. Tarixən burada Müsəlman Xeyriyyə Cəmiyyətinin iclasları, ziyalıların və müxtəlif ictimai təşkilatların toplantıları keçirilib.
Daha sonra “Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq” mövzusunda panel iclası işinə başlayıb.
Açılışda çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”nin açılış mərasimində 26 ölkədən 300-dən çox nümayəndə iştirak edib.
Panelə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli moderatorluq edib.
Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker çıxışında rəhbərlik etdiyi qurumun Birinci Türkoloji Qurultayın elmi irsinin qorunmasını özünə vəzifə hesab etdiyini bildirib. Onun sözlərinə görə, 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayın türk xalqları və dövlətləri arasında formalaşdırdığı birlik ruhu bu gün də yaşayır və həmin irsin gələcək nəsillərə ötürülməsi vacibdir.
Muzaffer Şeker müasir dövrdə dillərin qarşılaşdığı çağırışlara da toxunaraq qeyd edib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı dillərə ciddi təsir göstərir və müəyyən mənada onları bir-birinə yaxınlaşdırır. O vurğulayıb ki, türkoloqlar bu proseslərin doğura biləcəyi risklərin qarşısını almaq üçün qabaqlayıcı addımlar atmalıdırlar.
Paneldə çıxış edən Albaniyanın Tirana Universitetinin Tarix və arxeologiya fakültəsinin müəllimi Gezim Hoxha ölkəsinin tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunu deyib. O diqqətə çatdırıb ki, Albaniyanın zəngin mədəni irsi müxtəlif tarixi dövrlərin qarşılıqlı təsiri nəticəsində formalaşıb və bu irsin mühüm hissəsini Osmanlı dövrü təşkil edir.
Arxeoloq kimi apardığı tədqiqatlara istinad edən Gezim Hoxha bildirib ki, Albaniyada Osmanlı, yunan, Roma, Bizans, orta əsr Albaniya və Avropa mədəni irsinin izləri eyni coğrafiyada yanaşı mövcuddur. Onun sözlərinə görə, bu müxtəlif tarixi qatlar bir-birini inkar etmir, əksinə, ölkənin zəngin mədəni kimliyini tamamlayır.
Gezim Hoxha diqqətə çatdırıb ki, Albaniyada çoxsaylı Osmanlı dövrünə aid məscidlər, körpülər, bazarlar və ənənəvi şəhərsalma nümunələri qorunub saxlanılıb. Bundan başqa, həmin irs dil, memarlıq, sənətkarlıq, kulinariya ənənələri və xüsusilə Bəktaşi təriqətinin mənəvi irsi vasitəsilə bu gün də yaşamaqdadır.
O vurğulayıb ki, Osmanlı dövrü Albaniya tarixinin ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Onun fikrincə, müxtəlif mədəni təbəqələrin yanaşı öyrənilməsi tarixin daha obyektiv araşdırılmasına, mədəni müxtəlifliyə hörmətin güclənməsinə və xalqlar arasında dialoqun inkişafına xidmət edir.
Qazaxıstan Prezidentinin müşaviri, tanınmış qazax yazıçısı Malik Otarbayev isə çıxışında Birinci Türkoloji Qurultayın 100 illiyinin məhz onun keçirildiyi tarixi binada qeyd olunmasının xüsusi rəmzi məna daşıdığını bildirib. O qeyd edib ki, yüz il əvvəl Türk dünyasının görkəmli alim və ziyalılarının məhz bu məkanda toplaşaraq ortaq gələcəyi müzakirə etməsi bugünkü iştirakçılarda həm qürur, həm də məsuliyyət hissi yaradır.
Malik Otarbayev vurğulayıb ki, Qazaxıstandan Birinci Türkoloji Qurultayda iştirak etmiş görkəmli alim və ziyalıların irsi bu gün də Türk dünyasının ortaq elmi və mədəni sərvəti kimi yaşayır.
Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov çıxışında Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunmasını bütün Türk dünyası üçün əlamətdar hadisə kimi dəyərləndirib. O bildirib ki, hər bir xalq öz milli kimliyini, dilini və mədəni irsini qorumaqla yanaşı, ortaq türk dəyərlərinin yaşadılması istiqamətində də birgə fəaliyyət göstərməlidir.
Nazirin sözlərinə görə, beynəlxalq konqreslər, elmi forumlar, mədəni layihələr, kitablar və filmlər türk xalqlarını bir-birinə daha da yaxınlaşdırır. O əlavə edib ki, Özbəkistanda da ortaq tarixi və mədəni irsin təbliği, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilir.
Birinci panel sessiyanın sonunda Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə təsis edilmiş xatirə döş nişanları təqdim olunub.
Panel müzakirələrdə Türk dünyasında elmi əməkdaşlığın genişləndirilməsi, ortaq elmi tədqiqatların təşviqi, dil, tarix və mədəni irsin qorunması, beynəlxalq akademik əlaqələrin inkişafı, eləcə də türkoloji elmin aktual istiqamətləri və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:














