azturkxeber.az
http://azturkxeber.az

Milli Qurtuluşdan başlanan yol uğurlu gələcəyə aparır

12-06-2026

“Müstəqilliyin ilk illərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, hakimiyyət uğrunda çəkişmələr və idarəetmədə yol verilən ciddi nöqsanlar dövlətçiliyi ağır sınaq qarşısında qoymuşdu. Respublikanın müxtəlif bölgələrində gərginliyin artması, mərkəzi hakimiyyətin zəifləməsi və dövlət qurumlarının normal fəaliyyət göstərə bilməməsi vəziyyəti daha da ağırlaşdırırdı”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Azturkxeber.az-ın məlumatına görə, deputat qeyd edib ki, belə bir mürəkkəb şəraitdə xalq çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsində, qətiyyətində görürdü: “Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya qayıdışı dövlətçilik tarixində dönüş nöqtəsinə çevrildi. Dahi şəxsiyyət qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitliyin bərpasına nail oldu, dövlət qurumlarının fəaliyyətini təkmilləşdirdi və milli həmrəyliyin təmin olunmasına mühüm töhfə verdi”.

Vüqar İskəndərov vurğulayıb ki, Ümummilli Liderin qayıdışı ilə müstəqil dövlət quruculuğu prosesinə başlanıldı. Məhz o dövrdə müəyyənləşdirilən inkişaf strategiyası sonrakı illərdə sabitliyin möhkəmlənməsinə, iqtisadi yüksəlişə və beynəlxalq mövqelərin güclənməsinə zəmin yaratdı.

Deputat bildirib ki, Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır. “1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkənin inkişafında yeni mərhələnin əsası qoyuldu. Bu tarix xalqın xilası, dövlət müstəqilliyinin qorunması və sabit gələcəyə aparan yolun başlanğıcı kimi tarixə həkk olundu. 1997-ci ildə Milli Məclisin qərarı ilə 15 iyunun bayram günü elan edilməsi də bu tarixi hadisəyə verilən yüksək dəyərin ifadəsidir”.

Millət vəkili əlavə edib ki, bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Dövlətin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, ölkəmizin beynəlxalq nüfuzun artması, sosial-iqtisadi potensialın güclənməsi və əldə olunan mühüm nailiyyətlər həmin siyasətin uğurlu nəticələrini nümayiş etdirir. Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və dövlətçilik iradəsini özündə əks etdirən ən əlamətdar tarixlərdən biri olaraq daim böyük ehtiramla qeyd ediləcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930