Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyənin şəhid ailələri üzvləri və qardaş ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar.
Azturkxeber.az xəbər verir ki, qonaqlara Mərkəzdə həssas kateqoriyalardan olan şəxslərin yaradıcılıq potensialının inkişafı üçün yaradılmış şərait və aparılan işlər barədə məlumat verilib. Onlar müəssisədə hazırlanmış sənət nümunələrini, burada aparılan təlim prosesini, Mərkəz üzvlərinin ifasında konsert proqramını izləyiblər.
Keçirilən görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev Prezident İlham Əliyevin tapşırıqlarına əsasən şəhid ailələri və müharibə iştirakçılarının sosial dəstəklə əhatə olunması sahəsində görülən işləri, bu istiqamətdə proqramların ildən-ilə genişləndirildiyini diqqətə çatdırıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inklüziv cəmiyyətin inkişafında rolu, digər həssas qruplar kimi, şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin və onların övladlarının da bacarıqlarının təkmilləşməsinə mühüm dəstək göstərdiyi vurğulanıb.
Mərkəzin direktor müavini Mətanət Məmmədova burada həssas qruplara aid şəxslərin, sosial adaptasiyası üçün görülən işlər və əldə olunan nailiyyətlərdən bəhs edib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova ölkəmizdə dövlət tərəfindən şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşların böyük qayğı ilə əhatə olunduğunu bildirib. O, belə görüşlərin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial adaptasiyası ilə bağlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edib.
Görüşün sonunda hər iki ölkədə şəhid ailələrinin sosial rifahının təmin olunmasına yönəlmiş dəstək mexanizmləri barədə geniş fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: