azturkxeber.az
http://azturkxeber.az

Aqrar sahədə yeni Dövlət Proqramına həsr olunmuş mətbuat konfransı keçirilib

04-06-2026

Bu gün Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərə həsr edilmiş mətbuat konfransı keçirilib.

Azturkxeber.az xəbər verir ki, Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, indiyədək həyata keçirilən tədbirlər nəticəsində aqrar sahənin inkişafı üçün hüquqi və institusional baza gücləndirilib, müasir infrastruktur yaradılıb, soyuducu anbarların və elevatorların tutumu artırılıb, laboratoriya xidmətlərinin imkanları genişləndirilib, fermerlərin texnika və avadanlıqlara çıxışı yaxşılaşdırılıb. Aqrar sığorta mexanizminin tətbiqi də mühüm nailiyyətlərdən biri olub. Dövlət dəstəyi ilə formalaşdırılan aqrar sığorta sistemi fermerlərin risklərdən qorunmasına və kənd təsərrüfatında dayanıqlılığın artırılmasına mühüm töhfə verir.

Bununla belə dünyada baş verən qlobal dəyişikliklər və yeni çağırışlar proqramın hazırlanmasını labüd edib. Yeni Dövlət Proqramı mövcud nailiyyətlərin davam etdirilməsinə, aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsinə və Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Belə ki, sənəddə kənd təsərrüfatı istehsalının artırılması, heyvandarlıq və bitkiçilik sahələrinin inkişaf etdirilməsi, logistika və saxlama infrastrukturunun genişləndirilməsi, kənd yerlərində məşğulluq imkanlarının artırılması, həmçinin əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının gücləndirilməsi nəzərdə tutulur. Ölkəmizdə aqrar sahədə istehsalın artırılması istiqamətində müəyyən edilən hədəflər həm mövcud tələbatın, həm də gələcək dövrdə gözlənilən istehlak artımının qarşılanmasına hesablanıb.

Proqram yalnız istehsalın artırılmasını deyil, eyni zamanda fermer və aqrar sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə, informasiya və texnoloji xidmətlərə çıxış imkanlarının gücləndirilməsini də nəzərdə tutur. Müasir dövrdə rəqəmsal texnologiyaların və innovativ həllərin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan proqramda öz əksini tapan aqrar informasiya sistemlərinin inkişafı, rəqəmsal həllərin geniş tətbiqi və innovativ texnologiyaların təşviqi nəticəsində fermerlərin qərarvermə imkanları genişlənəcək, kənd təsərrüfatında rəqabət qabiliyyəti və istehsal səmərəliliyi daha da artacaq.

Bundan başqa, kənd təsərrüfatının inkişafına yönəldilən dövlət dəstəyi tədbirləri yalnız iqtisadi nəticələrə deyil, eyni zamanda sosial rifahın yüksəldilməsinə və ekoloji dayanıqlılığın təmin olunmasına xidmət edir. Aqrar sahəyə yatırılan investisiyalar çoxşaxəli təsirə malikdir və müxtəlif istiqamətlər üzrə müsbət nəticələr formalaşdırır.

Tədbirdə aqrar sektorun inkişafı, təbii resurslardan səmərəli istifadə olunmaqla kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması, aqrar emal sənayesinin genişləndirilməsi, bu istiqamətdə dəstək mexanizmləri və digər mövzularla bağlı jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov, Strateji planlaşdırma, təhlil və hesabatlılıq şöbəsinin müdiri Fərid Rəhimli və İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930