Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.
Dövlətimizin başçısı forum iştirakçılarının suallarını cavablandırıb.
Forumu açan ADA Universitetinin rektoru Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident, dəyərli konfrans iştirakçıları.
Sizi və bütün iştirakçıları ADA Universitetində qəbul etməkdən məmnunluq duyur və şərəf hissi keçirirəm. Beynəlxalq siyasətin müzakirəsinə həsr olunan bu tədbiri yeddinci dəfə keçirməkdən böyük fəxarət hissi duyuruq və bu konfransların hər birinə verdiyi dəstəyə, onlarda iştirak etdiyinə görə Prezident Əliyevə dərindən minnətdarıq. Ötən illərdə altmış ölkədən iki yüzdən artıq ekspert və alim Bakıda və azad edilmiş Qarabağın dörd şəhərində keçirilmiş bu müzakirələrdə iştirak etmiş, sonradan regional və qlobal məsələlərlə bağlı bir çox məqalələr dərc etmişdir.
Bu il ADA Universitetinin beynəlxalq konfransına rekord sayda - 80 əcnəbi iştirakçı qatılıb. İştirakçıların 50 faizindən çoxu konfransımızda ilk dəfədir ki, iştirak edir. Konfransın mövzusu qlobal gündəmin cari vəziyyətinə çox uyğundur. Dünya tektonik dəyişikliklərə, regional və qlobal münaqişələrə, siyasi səhnələrin radikallaşdırılmasına, millətçiliyin baş qaldırmasına və çoxtərəfliyə edilən hücumlara, beynəlxalq hüququn zəifləməsinə, güc, qüvvə və zorakılığın dominantlığına məruz qalır. Bunlar bugünkü dünyanın ortaq xüsusiyyətləridir və biz bu mövzulara iqlim məsələlərini, miqrasiya problemlərini, proteksionizmi və ticarət müharibələrini əlavə edəcəyik. Bizi hansı gələcək gözləyir? Yeni dünya düzəni necə olacaq? Azərbaycan kimi ölkələrin cərəyan edən belə hadisələrdə və meyillərdə rolu nədir?
Cənab Prezident, dünən tikinti və yenidənqurma işlərinin bizə böyük təsir bağışladığı Qarabağa və Xankəndiyə səfərimizdən sonra bu gün bu qlobal və regional məsələlərlə bağlı dünyanın ən təcrübəli liderlərindən biri olaraq Sizin fikirlərinizi eşitmək bizim üçün şərəf olardı. İnanırıq ki, Sizin iştirakçılarla apardığınız qarşılıqlı müzakirələr və sonra da davam edən panellər bu regionla bağlı və dünya miqyasında sülh üçün baxışın daha da yaxşı formalaşmasına və çatdırılmasına kömək edəcək. İnanıram ki, qonaqlarımız Azərbaycanın sürətli transformasiyası və inkişafı ilə bağlı Bakını daha çox biliklərlə və müsbət təəssüratlarla tərk edəcəklər. Cənab Prezident, bizə vaxt ayırdığınız üçün Sizə bir daha təşəkkür edirik və çıxışınızı səbirsizliklə gözləyirik.
Dövlətimizin başçısı əvvəlcə Azərbaycana gələn qonaqları salamlayaraq, ADA Universitetinə, onun rəhbərliyinə və rektoruna, professor Paşayevə belə bir prosesin başladılması təşəbbüsünü irəli sürdüyünə görə minnətdarlığımı bildirdi.
Artıq qeyd edildiyi kimi, müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir. Eyni zamanda, bütün bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir.
Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir. Onlara münaqişənin tarixi və İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən ayrılması mümkün olmayan Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpası ilə bağlı unikal presedent haqqında məlumat verir. Rektor Paşayev qeyd etdiyi kimi, siz dünən əfsuslar olsun ki, bir çox illər ərzində - otuz ildən artıq müddətdə erməni separatizminin mərkəzi olan Xankəndi şəhərini ziyarət etdiniz. Əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir.
Lakin Azərbaycanın Qarabağ bölgəsində sovet hökumətinin siyasi, tarixi, iqtisadi və mədəni nöqteyi-nəzərdən qeyri-qanuni və tamamilə əsassız olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması qərarından sonra təəssüf ki, təcavüzkar separatizmə aparan bu prosesə start verildi.
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, əslində, zaman bombası idi və bu bomba separatçılara, onların sponsorlarına və münaqişəni öz siyasi məqsədləri üçün istifadə edən müxtəlif tərəflərə lazım olan anda partladı.
Biz buna, əslində, suverenliyimiz uğrunda döyüşdə son nöqtə olan, 24 saatdan az davam edən hərbi əməliyyatla bir il yarım bundan əvvəl son qoyduq. Siz orada olmusunuz. Siz nələrin baş verdiklərinin şahidi olmusunuz. Hesab edirəm ki, bu gün Azərbaycanın reallığını rayonlara səfər ən yaxşı nümayiş etdirir. Xüsusilə dağıdılmış və ermənilərin işğal etdiyi rayonları nəzərdə tuturam. İndi mən müzakirələrin aparılmasına daha çox vaxtın ayrılması üçün giriş nitqimi yekunlaşdıracağam. Əminəm ki, dünənki və bugünkü müzakirələr və ekspertlər arasında qarşılıqlı əlaqələr bizə birgə yanaşmaları hazırlamağa və keçən dəfə, ötən il görüşdüyümüzdən bəri tamamilə fərqli olan sürətlə dəyişən dünya ilə bağlı fikirlərimizin mübadiləsinə kömək edəcək.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz Silahlı Qüvvələrində islahatları davam etdirmişdir. Bu ona görə olmuşdur ki, ərazimizdə hələ separatçılar var idi və biz istənilən təxribatlara hazır olmalı idik. 2020-ci il müharibəsindən suverenliyimizi tam bərpa etdiyimiz 2023-cü ilə qədər müəyyən hərbi qarşıdurmalar var idi. İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların tərəfimizdən aparılması tərzi Azərbaycan hərbi qüvvələrinin yüksəksəviyyəli bacarığını, nizam-intizamını və Azərbaycan hökumətinin siyasi iradəsini nümayiş etdirdi.
Biz intiqam almadıq. Lakin xüsusilə Qarabağa qayıdanda və barbarlığı, vəhşiliyi gördükdə bizim işğal illərində hansı hissləri keçirdiyimizi təsəvvürünüzə gətirə bilərsiniz. Beləliklə biz dedik ki, - və mən bunu dəfələrlə demişəm, - intiqamımızı döyüş meydanında alacağıq. Biz normal insan davranışından və özümüzün sadiq olduğumuz müharibə qaydalarından kənara çıxan bir hərəkət etməyəcəyik. Bu, belə də oldu. Biz müharibəni bütün beynəlxalq qaydalara və dəyərlərə dair anlayışımıza uyğun apardıq. Bu, 44 günlük müharibənin hər bir gününü diqqətlə nəzərdən keçirən bütün ekspertlər tərəfindən yüksək qiymətləndirildi. Beləliklə, müharibə bitdikdən sonra, əlbəttə ki, vəziyyəti tamamilə sabit olan bir vəziyyət kimi qiymətləndirmək olmazdı. 2023-cü ilin sentyabrına qədər bu belə deyildi, bizim itkilərimiz olurdu. Əfsuslar olsun ki, Ermənistan və onun arxasında duran bəzi xarici qüvvələr onlara çox pis məsləhətlər verirdilər. Əslində, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və tarixdən hamımız bilirik ki, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir. Lakin bu, baş vermədi. Beləliklə, Ermənistan sanki Azərbaycan xalqının 30 illik işğal iztirabı olmamış, 44 günlük müharibə olmamış kimi davranmağa davam etdi və öz dırnaqarası dostlarından pis məsləhətlər aldı. Yeri gəlmişkən, bu proses hələ də davam edir. Baxmayaraq, biz dəfələrlə onlara xəbərdarlıq etmişik ki, onlar istər köhnə, istərsə də yeni dostları hesab etdikləri dairələrə bel bağlamamalıdırlar. Çünki onlar burada bizimlə üz-üzə qalacaqlar. Bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və bizi siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil. Beləliklə, hərbi nöqteyi-nəzərdən istər İkinci Qarabağ müharibəsi olsun, istərsə də 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı olsun, bundan sonra hərbi potensialımızı gücləndirmək üçün etdiklərimiz tamamilə anlaşılandır. Xüsusilə həqiqi sülhə və sabitliyə gətirib çıxarmayacaq, Ermənistanda geniş vüsət almış militarizasiya prosesini, Ermənistanın yeni dostları tərəfindən təchiz edilmiş ölümcül silahları nəzərə alaraq. Bu yalnız gələcəkdə potensial gərginliyə aparıb çıxaracaqdır.
Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər. Onlar Amerikada seçkilərdən sonra demokratların administrasiyada qalacaqlarına çox güvənirdilər. Lakin Prezident Trampın qələbəsi onları çox məyus etdi. Biz hamımız bunu bilirik. Buna baxmayaraq, Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Onlar konsolidasiyalı mövqeyə malikdirlər.
Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Beləliklə, biz buna hazır olmalıyıq, həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən. Beləliklə, sülh sazişi imzalanana və Ermənistan da onların konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edənə və Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi davranış sərgiləyənə qədər onlar həmişə yeni hərbi qarşıdurma təhlükəsini törədəcəklər. Burada sonuncu məqam odur ki, 2020-ci ildən bəri artıq beş il ötüb, biz hələ də Azərbaycanın Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə əsassız olan mülahizə və ittihamlarla üzləşirik. Beləliklə, artıq beş il ötüb, lakin hələ də əsasən Fransa hökuməti və Avropa İttifaqında onların siyasətinə əməl edənlər və Blinken vəzifədə olarkən Dövlət Departamenti tərəfindən yaradılmış qara propaqanda davam edir. Bu qara propaqanda davam edir və bir çox hallarda bağlı qapılar arxasında mən deyirdim: “Baxın, əgər biz 2020-ci ilin noyabrında müharibəni davam etdirmək istəsəydik, onu davam etdirərdik. Biz hərbi əməliyyatlarımızı Xankəndinin həndəvərində dayandırdıq. Biz insanların ölməsini istəmədiyimizə görə müharibənin davam etməsini istəmirdik. Biz bunu sülh yolu ilə etmək istəyirdik. Biz bunu davam etdirmək istəsəydik, düz Ermənistanla sərhəddə hər yerdə - Zəngilanda, Kəlbəcərdə, digər istiqamətlərdə idik, Ermənistanın ordusu tamamilə demoralizə olunmuşdu”. Ermənistan hökumətinin özünün təsdiq etdiyi kimi orduda 12 min fərari var idi. Beləliklə, heç kim bizim qarşımızı ala bilməzdi ki, biz indi yanlış olaraq ittiham olunduqlarımızı etməyək. Amma bizim belə bir niyyətimiz yox idi və indi də belə niyyətimiz yoxdur. Lakin biz, eyni zamanda, ayıq-sayıq olmalıyıq. Biz 30 illik işğalı unutmamalıyıq. Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən “böyük Ermənistan” xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz.
Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və biz bununla yaşamalıyıq. Odur ki, ola bilsin, bunlar bizim müharibədən, postmüharibə vəziyyətindən çıxardığımız nəticələrdir və postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır. Biz tamamilə legitim olanları etmişik. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, bizim potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil. Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən biz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik. Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, biz təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik.
Bir daha bizimlə birlikdə olduğunuza görə çox sağ olun. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.