20 Yanvar faciəsi - azadlıq, müstəqillik tariximizin şərəfli səhifəsidir!
XX yüzillik Azərbaycan xalqının taleyində müstəqillik və azadlıq uğrunda mübarizə, milli oyanış və özünüdərk əsri oldu. Tarixə və qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi mübarizənin şərəfli tarixidir. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin bir başlanğıc mərhələsi oldu. Bakıda və respublikanın rayonlarında 147 nəfərin qətlə yetirilməsi, 744 nəfərin yaralanması və 841 nəfərin həbs olunması ilə nəticələnən 20 Yanvar hadisəsi təkcə milli faciə deyil, eyni zamanda, şanlı qəhrəmanlıq salnaməsidir.
Qürur və iftixarla qeyd edirik ki, 20 Yanvar faciəsi unudulmur, cəmiyyət və dövlət tərəfindən şəhidlərin ruhuna, əziz xatirəsinə böyük ehtiram və hörmət göstərilir. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir, əlillərin sağlamlıqlarının bərpası istiqamətində daimi işlər görülür;
35 il əvvəl 20 Yanvar hadisələrində özünü göstərən birlik, mətinlik bizə həm də 44 günlük Vətən müharibəsində şanlı Zəfəri qazandırdı. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mahir sərkərdəliyi, qətiyyəti, qüdrətli Ordumuzun rəşadəti, xalqımızın birliyi ilə qazandığımız tarixi Zəfərlə bütün şəhidlərimizin intiqamı alındı. Bu gün artıq bütün şəhidlərimizin ruhu şaddır. Onların Vətən yolunda axıdılan qanı yerdə qalmadı! Çünki onların uğrunda canlarını fəda etdikləri müstəqil dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.
Torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda mübarizədə qurban getmiş şəhidlər heç vaxt unudulmayacaq. Ucaldıqları müqəddəslik onları ölməzliyə - əbədiyyətə, xalqımızı isə azadlığa qovuşdurdu.
Şəhidlərimizin xatirəsini qürur və ehtiramla anırıq! Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Milli Məclisin deputatı Siyavuş Novruzov