MƏN BIR AZƏRBAYCAN DÖVLƏTIYƏM
Mən bir Azərbaycan dövlətiyəm, Adəmlə göydən gəlirəm. Səmavi kitabların, bəşərin axtardığı yaxşıların naxışından, insanlıq buludlarının yağışından, zirvələrin soyuğundan, dəryaların dərinliyndən, göylərin qəribəliyindən, ulduzların uzaqlğından yarandım, Günəşə boylandım.
Mən bir Azərbaycan dövlətiyəm, İblislərlə döyüşlərdə, mələklərlə görüşlərdə bərkidim, nurlandım, qaranlıq zamanlarda öz ləpirlərimə işıq saldım. Tufanlara düşmüşəm, şimşəklərə, dalğalara dözmüşəm. Qayalarda mamır olub “Azərbaycan” çəkmişəm, Günəşə göz eyləyib, çiçək kimi bitmişəm. Bəzən vulkan olub, öz-özümdən odlanmışım, ucalmışam, göyün bütün qatlarında iblislərə püskürmüşəm.
Mən bir Azərbaycan dövlətiyəm, dövlət quran kişilərin, yerdən göyə qan damızıdran şəhidlərin mirasıyam, Nizaminin sirli dünyasının, Füzulinin rindu şeydasının, Məmmədin milyonlarla şəriki olan zərrəsinin, Bəxtiyarın Gülüstanın, Şəhriyarın Heydər Babasının misrasıyam, mən elə zaman içində Azərbaycan zamanayım. Həm də öz mirasımın babasıyam.
Mən bir Azərbaycan dövlətiyəm, dostumu, düşmənimi bilirəm. Bəşəri dəyərlər dostumdur mənim. Xəcalətdən tərləməmiş vicdanlar, qan, leş yeməmiş varlıqlar, ləkəsiz ağ xəttli çoxluqlar dostumdur mənim. Var kimi görsənən yoxluqlar, nefti qana qarışdırıb, içinə almaz tökənlər, başlarına çəkənlər düşmənimdir. Düşmənimdir ləyaqətini qarnında, ciblərində yatışdırıb “hər şey mənimdir” deyənlər, özgəsinin mədəsindəkini çeyənəyənlər. Onların kölgəsidir Ayı pəncəli, təsbehli, dılqır-üç başlı şeytan, əsalı ədabaz qoca, meymun madam-Eyfeldən baxan.
Dost da, düşmən də mənimdir bilirəm, onlarla bu günün qatarında zaman-zaman gedirəm.
Mən bir Azərbaycan dövlətiyəm, üç rəngliyəm. Qiyamətə qədər yolum vardır, ayağım laləzar, başım qardır. Hər şeyi görürəm:
Bəzən sizin büdcəmdən oğurladıqlarınızı,
Bəzən sizin qarın-mədə davalarınzı.
Bəzən sizin nazlı-nazlı küsməyinizi,
Umub-umub, almaynda müxalifliyinizi,
Yalançı vətənpərvərliyinizi- görürəm, gördüklərimdən sizi kərpic-kərpiç tarixlərə hörürəm.
Sizi bağışlamaq olarmı? Keyfiyyətsiz kərpiclər divarlarda qalarmı? Bunları özünüz düşünün, yatıb səssizliyinizin səsində, röyanızda vicadınınızın kölgəsində.
Bəlkə mən hər şeyi keçərəm, göz yumaram, ancaq xəyanəti, özgəsinə nökərçiliyi əsla, əsla unutmaram.
Mən bir Azərbaycan dövlətiyəm, Adəmlə göydən gəlirəm. Azərbaycanlı mahiyyətindən, qəhrəmanlar qanından yoğrulmuşam, həqiqətdən, elm-mədəniyyət nurundan doğulmuşam, kərpiç-kərpiç, usta-usta, zaman-zaman hörülmüşəm.
Üç rəngli günəş kimi görünmüşəm.
Sadiq Qarayev