Son günlər Azərbaycanda yeni "siyasi şoumen" peyda olub
Ölkəmizdə COP-29 konfransı uğurla davam edir. Planetimizin gələcəyi üçün irəli sürülən təkliflərin həlli istiqamətində müsbət nəticələr əldə olunmaqdadır. Yer kürəsində temperaturun yüksəlməsi nəticəsində dərinləşən ekoloji fəlakətlərin qarşısının alınması üçün inkişaf etmiş böyük dövlətlər atmosferə buraxdığı zərərli qazların həcminin azaldılması haqqında öz üzərinə öhdəliklər götürdülər.
Planetimizin məhv olunmasının qarşısının alınması üçün çıxış yollarının müzakirəsində iştirak etmək əvəzinə Fransa və Niderland kimi dövlətlər Azərbaycana qarşı əsassız fikirlər səsləndirməyə başladılar və ölkəmizi insan hüquq və azadlıqlarının pozulmasında ittiham edirlər. Bu dövlətlər Azərbaycanda özlərini müxalifətçi adlandırıb qanunlarımızı kobud şəkildə pozan, cinayət törədən insanları, eləcə də Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlər törətdiklərinə görə həbs edilmiş separatçıları siyasi məhbus adlandırırlar. Əslində separatizmi, terrorizmi dəstəkləyən, öz ölkəsində onların fəaliyyətinə hər cür şərait yaradan məhz Fransadır.
Son günlər ölkəmizə düşmənçilik siyasəti həyata keçirən qüvvələrin və dövlətlərin Azərbaycandakı əlaltıları fəallaşıblar. Xaricdə və daxildə Azərbaycana qarşı yönəlmiş fikirləri səsləndirən şəxslərin eyni mövqedə çıxış etməsi onların bir mərkəzdən idarə olunmasından xəbər verir. AXCP sədri Əli Kərimli tez-tez öz kamerasının qarşısında oturaraq tək Azərbaycana deyil dünyaya siyasət dərsi keçmək qərarına gəlir. İki gün əvvəl Əli Kərimli yenə COP-29-un Azərbaycanda keçirilməsi ilə bağlı gülünc doğuran fikirlər söylədi. Güya dünya dövlətləri COP-29-un keçirilməsi üçün ölkə tapa bilmədiklərindən Azərbaycanda keçirilməsinə məcbur olublar. Bu fikirlərlə Əli Kərimli özünü həqiqətən gülünc vəziyyətə salmış oldu. Bu "dahi siyasətçi" vurğulayır ki, Fransa dünyada demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının keşikçisidir. Azərbaycan dövlətini və xalqını günahlandırır ki, Qərbin diktəsilə yaşamaq istəmirik. Bəli, nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı hansısa bir dövlətin və ya təşkilatın diktə etdiyi kimi yaşamır. Azərbaycan dövləti dünyada böyük nüfuza sahib tam azad və müstəqil bir ölkədir. Heç bir ölkə bizimlə hədə ilə danışa bilməz. Bu gün Azərbaycan müstəmləkəyə, neokolonializmə qarşı mübarizə aparır və bütün xalqların müstəqil və azad yaşamaqlarının tərəfdarıdır. Prezident cənab İlham Əliyevin siyasəti dünyada sülhün, bərabərliyin, əmin-amanlığın bərqərar olmasına yönəlmişdir. Azərbaycanın düşmənləri də bunu yaxşı bilirlər. Əli Kərimlinin fikirləri hələ də 90-cı illərdə qalmışdır. Çünki ötən əsrin 90-cı illərində hakimiyyətə gəlmək istəyən AXCP liderləri vurğulayırdılar ki, hakimiyyətə gəlməyimiz üçün Qərb dövlətləri ilə razılaşıblar. Budur Əli Kərimlinin yararsız ideyaları.
Son günlər Azərbaycanda yeni "siyasi şoumen" peyda olub. Bu daha "kreativ ideyaları"n müəllifi olan Vəfa Nağı adlı xanımdır. Son parlament seçkilərində deputatlığa namizəd olan Vəfa Nağı öz tərbiyəsiz, qeyri etik hərəkətləri ilə gündəmə gəlməyə başladı. Xalqı aldadaraq səz qazanaraq deputat olmaq istəyən bu xanımın iç üzü hər kəsə məlum oldu. Xalqımızı aldatmaq mümkün deyil, Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Xalqın səsini qazana bilməyən Vəfa əminəm ki, Avropada başqa qazanc yolu tapa bilib. Gürcüstanın paytaxtı Tbilisidə COP-29-un Azərbaycanda keçirilməsinə etiraz edən, ölkəmizə qarşı çıxış edən bir qrup insanlar arasında Vəfa Nağı da peyda oldu. Özü də əlində Qarabağdan könüllü getmiş ermənilərin güya Azərbaycanda hüquqlarının pozulmasını əks etdirən plakat tutmuşdur. Ermənistanın özündə bu haqda danışan yoxdur. Belə çıxır ki, Vəfa Nağı ermənidən artıq ermənidir. İnsan nə qədər ləyaqətsiz və Vətəninə, xalqına düşmən olmalıdır ki, bu cür hərəkətlərə yol versin.
Azərbaycanın tarixinə Vətən, torpaq uğrunda canından, qanından keçən insanların adı qızıl hərflərlə, Vəfa kimilərin adları isə vətən xaini kimi yazılacaq.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor