İşə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş olub
Yanvarın 17-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.
Kollegiyanın mətbuat xidmətindən bildirilib ki, görüşdə ARVK sədri Anar Bağırov çıxış edərək vəkil köməkçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra sədr vəkil köməkçilərinin vəkillik fəaliyyətində rolu və əhəmiyyətini, inkişaf perspektivlərini, habelə savadlı vəkil köməkçilərinin peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmini diqqətə çatdırıb.
Vəkillik peşəsinin vacibliyini və bu sahədə peşəkar yardımın cəmiyyət üçün əhəmiyyətini vurğulayan Anar Bağırov hazırda Kollegiyada 566 vəkil köməkçisinin və 2500-dən çox vəkilin fəaliyyət göstərdiyini bildirib. Qeyd edilib ki, ARVK hazırda ölkədə ən çox hüquqşünasın cəmləşdiyi peşə qurumlarından biridir.
ARVK-nın hər zaman vəkil köməkçilərinin fəaliyyətinə, peşə hazırlığının artırılmasına xüsusi diqqət yetirdiyini deyən sədr onlara tövsiyələrini çatdıraraq bu istiqamətdə fəaliyyətlərinin təcrübi biliyə yiyələnmələrində faydalı olacağını vurğulayıb.
Görüşün yekununda vəkil köməkçilərinə vəsiqələr təqdim edilib.