Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndə heyəti Daşkənd şəhərinə işgüzar səfər edib.
AZSTANDART-dan bildirilib ki, səfər çərçivəsində heyət Özbəkistan Elmi-sınaq və Keyfiyyətə Nəzarət Mərkəzinin (UzTest) nümayəndələri ilə görüşüb.
Görüş zamanı tütün məmulatlarının sınaqdan keçirilməsinə dair əməkdaşlıq layihələri ətrafında müzakirələr aparılıb, o cümlədən “Halal” sertifikatı üzrə təcrübə mübadiləsi barədə razılığa gəlinib. Görüşün yekununda AZSTANDART ilə “UzTest” arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Səfər çərçivəsində, həmçinin mərkəzin sınaq laboratoriyalarına baxış keçirilib, onların fəaliyyət istiqamətləri, laboratoriyalarda istifadə edilən müasir cihaz və avadanlıqlar barədə məlumat əldə edilib.
Səfərin sonunda AZSTANDART nümayəndələri Daşkənd Dövlət Texniki Universitetinin (TDTU) nəzdində “Metrologiya və standartlaşdırma” laboratoriyasında iş prosesi ilə tanış olub, laboratoriyaların akkreditasiyası sahəsində birgə əməkdaşlıq barədə müzakirələr aparıblar.