Peşəkar Çövkən Liqasında 5-ci tur keçiriləcək

Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilən məlumata görə Peşəkar Çövkən Liqasında 5-ci turun oyunları aprelin 24-25-nə keçiriləcək.
Azturkxeber.az xəbər verir ki, bu turun, bəlkə də birinci dövrənin mərkəzi oyunu aprelin 24-də baş tutacaq. İlk 4 oyunda qalib gəlmiş “Polad” və “ Sərhədçi” komandalarından azı biri bu turda xal itirməkdən qaça bilməyəcək. Hadisələrin bu cür axarı “Elite” komandasına sərf edir. Ötən oyunda gözlənilmədən xal itirmiş “Elite” bu turda “Embawood”a qalib gələcəyi halda ilk iki yerin sahiblərinə yaxınlaşacaq. Amma nəzərə almaq lazımdır ki, “mebelçilər” 4-cü pillədə qərarlaşıblar və onlar da qalib gəlib rəqibini ötmək istəyəcəklər. “Buta Qolden”- “Atilla” qarşılaşması statistika baxımından da gözlənilir. İş ondadır ki “Atilla” indiyə kimi 4 oyunda rəqib qapılarına 1 qol belə vura bilməyib və onlar tilsimin bu oyunda sınacağına ümid edirlər. Onu da əlavə edək ki, cümə gününün “Xəzər”-“Şamaxı” oyunu ilə start veriləcək tur, şənbə gününün “Zəfər”-“Omar” qarşılaşması ilə yekunlaşacaq. Oyunlar Binə Atçılıq Mərkəzində keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: