Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikası Dövlət İnternet-informasiya Ofisinin naziri ilə görüşüb







Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Dövlət İnternet-informasiya Ofisinin naziri Cuan Junvenin rəhbərlik etdiyini nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə strateji tərəfdaşlıq mərhələsinə yüksəlmiş Azərbaycan ilə Çin əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Dostluq, qarşılıqlı hörmət və dəstək prinsiplərinə söykənən dövlətlərarası əlaqələrin inkişafında ölkə başçılarının xüsusi rolu vurğulanaraq, mövcud olan fəal siyasi dialoqla yanaşı, iqtisadi, ticarət, yaşıl enerji, rəqəmsal texnologiyalar, innovasiya və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova ötən ay Asiya üçün Boao Forumunun illik konfransında iştirakını məmnunluqla xatırladaraq, konfrans çərçivəsində Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Cao Lici ilə keçirdiyi görüşü parlamentlərarası əlaqələrin inkişafı baxımından yüksək qiymətləndirib, aparılan danışıqlar zamanı əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi barədə fikir mübadiləsi aparıldığını bildirib.
Söhbət zamanı Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya siyasəti barədə də məlumat verilib. Milli Məclisin sədri bildirib ki, son illər Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda dövlətin yeni rəqəmsal arxitekturasının formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirilir. Bu kontekstdə cari ilin fevral ayında “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, aparılan siyasət kritik infrastrukturun inkişafını, rəqəmsal iqtisadiyyatın genişlənməsini və dövlət idarəçiliyi sistemində innovativ həllərin tətbiqini əhatə edir. Diqqətə çatdırılıb ki, Milli Məclis də öz növbəsində bu sahədə müasir qanunvericilik bazasının formalaşdırılmasına mühüm töhfə verməkdədir. Söhbətdə həmçinin parlamentin fəaliyyətində informasiya texnologiyalarından çevik istifadə, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, habelə süni intellekt həllərinin tətbiqinin sürətləndirilməsi məqsədilə görülən işlər barədə məlumat verilib.
Görüşdə eyni zamanda vurğulanıb ki, müasir dövrdə kibertəhlükəsizlik ölkələrin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir və bu sahə daim diqqət mərkəzində saxlanılmalıdır.
Çin Xalq Respublikası Dövlət İnternet-informasiya Ofisinin naziri Cuan Junven ölkəsinin Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verdiyini bildirib.
Son illər Çinin informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verən qonaq deyib ki, ölkəsi Azərbaycanla internet, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat, süni intellekt və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirməyə hazırdır. Azərbaycanda bu sahədə görülən işləri, habelə ölkə əhalisinin 90 faizdən artığının internetə əlçatanlığını yüksək qiymətləndirən qonaq bildirib ki, bu istiqamətdə əldə olunan nəticələr məmnunluq doğurur.
Söhbət zamanı tərəflər Azərbaycan ilə Çin arasında həqiqi dostluğa, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bundan sonra da xalqların rifahı naminə bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: