azturkxeber.az
http://azturkxeber.az

Baş Prokurorluqda Geniş Kollegiya iclası keçirilib

23-04-2026

Aprelin 23-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda cari ildə görülmüş işlərə və qarşıda duran aktual məsələlərə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.

Azturkxeber.az xəbər verir ki, iclası giriş nitqi ilə açan Baş prokuror bildirib ki, dünyada və regionda müşahidə olunan mürəkkəb geosiyasi vəziyyət fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, hüquqi islahatların davam etdirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin olunması və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasətin uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə sabitlik təmin edilməklə Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. Eyni zamanda, prokurorluq orqanlarının aidiyyəti dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Eyni zamanda “Şəhərsalma və Memarlıq İli” elan edilmiş 2026-cı ildə ölkəmizdə şəhərsalma və infrastrukturun inkişafı istiqamətində müasir şəhərsalma prinsiplərinin tətbiqi, dayanıqlı və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması, eləcə də işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının geniş tətbiqinin bu sahədə həyata keçirilən siyasətin əsas qayəsini təşkil etməsi vurğulanaraq, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin və bunun məntiqi davamı olaraq soydaşlarımızın öz doğma yurd-yuvalarına intensiv formada köçünün təmin edilməsinin cari ildə də planlı şəkildə həyata keçirilməsi müsbət hal qismində qeyd edilib.

İclasda, həmçinin, bu müddət ərzində prokurorluq orqanlarında görülmüş işlər, əldə edilmiş nailiyyətlərdən bəhs edilərək xidməti fəaliyyətin təkmilləşdirilməsi, keyfiyyətinin daha da artırılması istiqamətində qarşıda duran əsas prioritetləri, o cümlədən Cinayət və Cinayət-Prosessual Məcəllələrində cinayət mühakimə icraatının elektron qaydada aparılması, elektron formada sübutlarla, onların toplanması, mühafizəsi və digər məsələlərlə bağlı edilmiş dəyişikliklərlə əlaqədar prosessual fəaliyyətdə tətbiqi zəruri əhəmiyyət kəsb edən təşkilati və hüquqi məsələlər diqqətə çatdırılıb.

Daha sonra Geniş Kollegiya iclasının gündəliyinə uyğun olaraq bir sıra aktual məsələlər müzakirə olunub.

İclasda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün təşkili ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə Baş prokurorun müavini Heydər Məmmədov məruzə ilə çıxış edərək cari ildə Azərbaycan Respublikasında keçirilməsi nəzərdə tutulan bu mötəbər tədbirin ölkəmizin beynəlxalq hüquq-mühafizə əməkdaşlığında fəal iştirakının və korrupsiyaya qarşı mübarizə sahəsində təşəbbüskar mövqeyinin göstəricisi olduğunu, həmçinin görüş çərçivəsində iştirakçı dövlətlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, institusional əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm nəticələrin əldə ediləcəyini vurğulayıb.

Bundan başqa iclasda cinayət mühakimə icraatının elektron qaydada aparılması və elektron formada sübutlarla bağlı qanunvericiliyə edilmiş son dəyişikliklərdən irəli gələn vəzifələr ilə bağlı Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, İstintaq idarəsinin rəisi Nemət Əvəzov, əlaqədar digər məsələlərlə bağlı isə Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin İnformasiya texnologiyaları şöbəsinin rəisi Akif Məmmədyarov və Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev, Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Sahib İsmayılov, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifəyə təyinata razılıq verilməsi ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış ediblər.

Müzakirələr zamanı Kollegiya üzvləri və iclasa dəvət olunmuş şəxslər gündəliyə salınmış məsələlər ətrafında çıxış edərək təkliflərini səsləndirib, sonda gündəlikdə olan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.

İclasa yekun vuran Baş prokuror cari ildə prokurorluq orqanlarının qarşısında duran kifayət qədər məsuliyyətli məsələlərin həlli istiqamətində hər bir prokurorluq əməkdaşının öz bilik və təcrübəsini səfərbər edəcəyinə, prosessual fəaliyyətin yeni mərhələyə keçidinin təşkili və icrası ilə bağlı qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə və bundan sonra da hər zaman olduğu kimi qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və dövlət maraqlarının qorunması istiqamətində fəaliyyətlərini ən yüksək tələblər səviyyəsində quracaqlarına əminliyini ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930