azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir

18-04-2025

Gürcüstanın yeni Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərinin ünvanı kimi Azərbaycanı seçməsini simvolizə edən əsas amil iki dost, qonşu ölkənin münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır.
Bu səfəri, sadəcə, diplomatik mesaj olmayıb, daha böyük məna kəsb edən siyasi qərar, iki ölkə arasında strateji tərəfdaşlığın davamlılığına verilən önəmin göstəricisi kimi qiymətləndirmək lazımdır. Prezidentlərin ikitərəfli görüşündə enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, ticarət dövriyyəsinin artırılması və Cənubi Qafqazın gələcəyinə dair regional dialoq məsələləri gündəmdə olub. Beləliklə, Gürcüstan Prezidentinin ilk səfərinin Bakıya yönəlməsi diplomatik protokolun incə, eyni zamanda, güclü mesaj daşıyan elementi sayılmalıdır. Bu səfər təkcə iki ölkə arasında mövcud strateji münasibətlərin təsdiqi deyil, həm də Azərbaycanın Cənubi Qafqazın indiki və gələcək taleyində oynadığı liderlik rolunun qəbul olunmuş aksiomluğunu göstərən siyasi etirafdır. Prezident Mixeil Kavelaşvilinin Bakıya rəsmi səfərini xarakterizə edən digər önəmli məqam Gürcüstanın Ermənistan–Azərbaycan normallaşma prosesinin fonunda oynaya biləcəyi vasitəçi rolunun gündəmə gətirilməsidir. Gürcüstan rəhbərliyi dəfələrlə bəyan edib ki, regionda sabitlik və əməkdaşlıq onun da maraqlarına tam cavab verir. Azərbaycanın Gürcüstan vasitəsilə Qara dənizə çıxış imkanlarının daha da genişlənməsi gündəmdə duran məsələdir. Yaxın keçmişə boylanaraq qeyd etməliyik ki, Azərbaycan və Gürcüstan arasında münasibətlərin əsası hələ 1990-cı illərdə, müstəqilliyin ilk illərində qoyulub. Bu gün hər iki ölkənin maraqları təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, həm də regional və qlobal layihələrdə birgə iştirakla daha da dərinləşir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, eləcə də Bakı–Tbilisi–Qars kimi nəqliyyat və enerji layihələri bu baxımdan strateji mahiyyət daşıyır.
İkitərəfli görüşdən sonra prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanla siyasi əlaqələrin inkişafını, yüksəksəviyyəli təmasların müntəzəm xarakter daşıdığını, dialoqun fəallaşdığını nəzərə çatdırdı. Çıxışında “İki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir” – deyə vurğulayan dövlətimizin başçısı Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya qovşaqlarının böyük əhəmiyyət daşıyan layihələr olduğunu və bunları nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələr kimi səciyyələndirdi. “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil” – fikrini xüsusi olaraq qeyd edən Prezident İlham Əliyev hazırda Gürcüstan daxil olmaqla, Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyini və bu ixracın Gürcüstan üzərindən həyata keçirildiyini bildirdi.
Prezidentlərin mətbuata bəyanatlarında Cənubi Qafqazdakı mövcud durum barədə fikir bildirmələri gözlənilən idi. Bölgədə sülhün, əmin-amanlığın bərqərar edilməsinin iki ölkənin birgə marağında olan məsələ kimi vurğulayan İlham Əliyev buna həm Gürcüstan, həm də Azərbaycanın öz töhfəsini verdiklərini diqqətə çatdırdı. “Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq” – deyən Azərbaycan lideri sözünü bu cür yekunlaşdırdı: “Gürcüstan–Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək”. "Təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir”. Mətbuat üçün açıqlamasında bu fikirləri önə çəkən Azərbaycan Prezidenti İlham Əliyev iki ölkəni birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu bir daha qeyd etdi: “Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir”. İlham Əliyev daha sonra çıxışında xalqlarımızın əsrlər boyu sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamasından, dövlətlərarası münasibətlərin yüksək səviyyədə olmasından söz açdı. Bu xüsusda dövlət başçımız qeyd etdi: “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930