Fransada narkotiklərlə mübarizə tədbirlərinə cavab olaraq həbsxanalar hücuma məruz qalıb
Fransa hökumətinin qeyri-qanuni narkotik dövriyyəsinin qarşısını almaq səylərinə cavab olaraq gecə saatlarında bir neçə həbsxana hücuma məruz qalıb.
Bu barədə yüksək rütbəli rəsmilər məlumat veriblər. Onlar bildiriblər ki, hakimiyyət ölkəyə daxil olan “ağ sunami” adlandırdıqları kokain axını ilə mübarizə aparır.
“Reuters” agentliyinin məlumatına görə, naməlum silahlılar cənubdakı Tulon şəhərində yerləşən həbsxananı avtomat silahlarla atəşə tutublar. Ölkənin müxtəlif bölgələrində digər həbsxanaların yaxınlığında avtomobillər yandırılıb, həbsxana işçilərinə hədə-qorxu gəlinib. Hücumların kimin tərəfindən törədildiyi hələlik məlum deyil.
Ədliyyə naziri Jerald Darmanen həbsxanalarda təhlükəsizliyin gücləndirilməsi və barmaqlıqlar arxasından imperiyalarını idarə edən cinayətkar qrupların fəaliyyətinin qarşısının alınması üçün səylərə rəhbərlik edir. “Fransa Respublikası narkotik axını problemi ilə üzləşib”, - deyə Darmanen X sosial şəbəkəsində yazıb.
Cənubi Amerikadan Avropaya son illər rekord həcmdə kokain idxalı yerli narkotik bazarlarının yüklənməsinə və bütün qitə boyu narkotik ticarətinin artmasına səbəb olub.
Fransa həbsxanalarında məhbusların sayı rekord həddə, yəni 81 599 nəfərə çatıb. Bu isə həbsxana sisteminin nəzərdə tutulmuş maksimum tutumunu 19 min nəfər keçməsi deməkdir. Bəzi müəssisələrdə doluluq səviyyəsi 200 faizi ötüb, bu da minlərlə insanın döşəmədə yatmasına səbəb olur.