azturkxeber.az
http://azturkxeber.az

Barlı Ağacın Kökü Dərindədir: Aygün xanım Attarın Yolçuluğu

16-04-2025

Zamanın sınağından keçmiş hər bir şəxsiyyətin taleyində bir dərinlik, bir səssiz mübarizə yatır.
Aygün xanım Attar da o insanlardandır – səssizcə, sarsılmadan, təmkinlə böyüyən, kökü Zəngəzurda, budaqları isə Türk dünyasının səmasında qürurla dalğalanan bir çinar kimi.
Bu günlərdə Türkiyə Cümhurbaşqanlığı Təhlükəsizlik və Xarici Siyasət Komitəsindəki 4 illik vəzifə dönəmi sona yetdi. Bəli, bir dönəm başa çatdı. Lakin Aygün xanımın düşüncə və fəaliyyəti bir postla başlayıb, bir postla bitəcək qədər kiçik bir çərçivəyə sığacaq yol deyil.
O, Türkiyədə yalnız bir vəzifə sahibi olmadı – o, könülləri fəth edən, düşüncəni oyadan, Azərbaycan-Türkiyə münasibətlərinə ruh verən bir simaya çevrildi.
Təəssüf ki, cəmiyyətin bir hissəsi hələ də ağlına gələn ilk sözü yazmağı “ifadə azadlığı” sayır, vicdanın, tarixin və həqiqətin səsini isə eşitmir.
 Aygün xanım haqqında yazılan böhtanlar, təhriflər də bu düşüncəsizliyin bir təzahürüdür. “Bayrağı atdı”, “vəzifədən azad edildi” kimi manşetlər, əslində, öz içində boş olanların səsi, öz uğursuzluğuna başqasının işığını kölgə etməyə çalışanların sarsıntısıdır. Sanki balta öz sapını da tanımır, onu doğan torpağı da.
Halbuki Aygün Attar – əsl adıyla Aygün Mir Teyyub qızı Həşimzadə – elmin, düşüncənin, milli kimliyin təmsilçisidir. Giresun Universitetinin rektoru olub, öz zəhməti və savadı ilə Türkiyədə elmi-mədəni mühitdə hörmət qazanıb. O, təkcə diplomatik dairələrdə yox, həm də millət yaddaşında yaşayan bir simadır.
Professor İhsan Doğramacı ilə birgə qurduğu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyi vasitəsilə illərlə iki qardaş xalqın ruhunu birləşdirən bir körpü olub.
Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətənə xidmətə görə” və “Dostluq” ordenlərinə layiq görülməsi isə sadəcə bir təltif yox, bir xalqın ona verdiyi dəyərin rəsmi möhürüdür. Onun Qarabağla, Zəngəzurla, Şuşa ilə bağlı yazıları, çıxışları təkcə analitik təhlil deyil, bir azərbaycanlının ruhundan süzülüb gələn sevgidir. Qardaşları I Qarabağ müharibəsində döyüşüb – biri komandir, digəri əsgər... Onların qisasını Aygün xanım qələmi ilə aldı – təbliğatla, maarifləndirmə ilə, haqq səsi ilə.
Bu qədər bar verən, yol göstərən bir ağaca əl uzadanlar da olacaq. Amma unudulmamalıdır – barlı ağaca daş atılar, amma o daş heç vaxt onun kökünü sarsıda bilməz.
Əziz Aygün xanım, yazılanlar bir küləkdir – gəlib keçəcək. Amma siz – türk millətinin, Azərbaycan xalqının qürur mənbəyisiniz. Səssiz təvazökarlığınızla, dərin düşüncənizlə, sabit mövqeyinizlə bu yolda daha böyük uğurlara imza atacağınıza heç şübhə yoxdur.
Və unutmayın: tarix həmişə öz qəhrəmanlarını tanıyır, tanıdır... Düşmənin səsi gur çıxsa da, xalqın sükutu daha möhtəşəmdir – çünki o sükutun içində minnətdarlıq, hörmət və etimad var.
Dərin hörmət və ehtiramla Aygül Bağırova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930