Azərbaycan boks millisinin baş məşqçisi: Gimnaziada idmançılarımız üçün yaxşı təcrübə oldu
“Boksçularımızın bu yarışda iştirak etməsi yaxşı oldu. Çünki bura gələn uşaqlar turnirlərdə az iştirak etmişdilər. Onlar müəyyən qədər təcrübə qazandılar”.
Bu sözləri açıqlamasında Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında uğurla çıxış edən qadın boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlkin Ağayev deyib.
O, beynəlxalq yarışda həm güclü, həm də zəif boksçuların iştirak etdiyini bildirib: “Elə çəki dərəcəsi var idi ki, orada güclü idmançılar var idi. Lakin bizim yetirmələrimiz onlara qarşı layiqli mübarizə apardılar. Qız komandasında ilk dəfə rinqə çıxan boksçular var idi. Onlar hətta ölkə çempionatında belə iştirak etməmişdilər. İdmançılarımız üçün yaxşı təcrübə oldu”.
Mütəxəssis komandasının nəticələrindən razı qaldığını söyləyib: “Əlbəttə, hər kəs maksimum nəticə qazanmaq istəyər. Biz də istəyərdik ki, qızıllarımızın sayı daha çox olsun. Oğlanlarda 14, qızlarda 8 boksçu ilə yarışa qatılmışdıq. Oğlanlar bizdən bir qızıl artıq aldı. Biz bir komandayıq. Nəticə hamımızın adına yazılır”.
İ.Ağayev 54 kiloqramda çıxış edən Kəmalə Həsənovanın qızıl medal qazanmağa layiq olduğunu deyib: “O, ilk iki görüşdə qalib gəldi. Ümumiyyətlə, yarışa həvəsli və yaxşı hazırlaşmışdı. Təəssüf ki, finalda çinli idmançıya məğlub oldu. Rəqib də çox güclü idi”.
Qeyd edək ki, Azərbaycan qız komandası Gimnaziada İdman Oyunlarını 4 qızıl və 4 gümüş medalla başa vurub.