"Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalına start verilib
28 may - Respublika Gününə həsr olunmuş “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalına start verilərək, festival çərçivəsində müsabiqə elan olunub.
AzTurkxeber.az AZƏRPRESS Media Group-a istinadən xəbər verir ki, festival “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Union of Azerbaijan Artists, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan nümayəndəliyi və Beynəlxalq Suluboya Cəmiyyəti, Naxçıvan Rəssamlar Birliyi, Xətai Sənət Mərkəzi, Xətai Uşaq Sənəti Qalereyası, Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə keçirilir.
Festival əsasən Azərbaycan vətəndaşları və əcnəbilərin ölkəmizi daha yaxından tanıması məqsədi daşıyır. "Azərbaycan səni sevirəm" şüarı, "Mənim gözlərimlə Azərbaycan" mövzusu, həmçinin "Azərbaycan ruhunu və özünü əsərdə hiss etdirmək" yanaşması əsas götürülüb.
Tövsiyə olunan mövzular:
- Təsviri və tətbiqi sənət nümunələri.
- Tarixi və görməli məkanlar.
- Peşə sahibləri və onların fəaliyyət məkanları.
- Vətənpərvərlik, mətbəx, məişət və geyim.
- Həyat tərzi, musiqi, ədəbiyyat.
Müsabiqəyə əsərlər aprelin 15-dək qəbul olunur. Əsərin ölçüsü 30x40sm-ə qədər, akvarel, qarışıq texnikadan ibarət olmalıdır. Aşağıda qeyd olunmuş nümunəyə uyğun şəkildə iştirakçı anketi tam yazılaraq, əsərlə birgə artfestival2025@gmail.com e-mail ünvanına göndərilməlidir.
1. Ad, soyad, təvəllüd.
2. Təhsil aldığı məktəb və ya rəsm dərnəyi.
3. Mobil əlaqə nömrəsi.
4. Əsərin fotosu və adı.
3. Əsərin ölçüsü və texnikası.
Qeyd edək ki, iştirakçı müsabiqəyə ən çox 3 əsərlə qatıla bilər. Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalıdır. Müəllifin duyğu və düşüncələri nəzərə alınmaqla, yanaşma, kompozisiya, rəng həlli əsas götürüləcək. Seçimlər 8-12, 13-16, 17-21 yaş kateqoriyasına uyğun olaraq aparılacaq. Sərgilənməmiş tam yeni əsərlər üstünlük hesab edilir. Mayın 8-də ilk turu keçmiş əsərlər və müəlliflərin siyahısı elan ediləcək. Seçilmiş əsərlərin onlayn kataloqu hazırlanaraq, hər yaş kateqoriyası üçün ayrıca sərgi keçiriləcək və əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunacaq. Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət alacaq. Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq I, II, III yerlər üzrə diplom, həvəsləndirici mükafat, və hədiyyələrlə təltif olunacaq. Əcnəbilər tərəfindən də email poçt ünvanına göndərilən əsərlər arasından seçilmiş əsərlər çap olunaraq, çərçivədə sərgilənəcək və əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olunacaq. Müsabiqə və festivalda iştirak ödənişsizdir.
Daha ətraflı məlumat üçün +994513107401 whatsapp nömrəsi və +994124908451/52/53 şəhər nömrəsi ilə əlaqə yaratmaq olar. Sərgilənmək üçün e-mail ünvanına göndərilən əsərlərin əsas orijinalları Bakı ş. Xocalı pr. 62, AZ1025 ünvanında qəbul olunur.