Papa Fransisk: Dualarınız üçün təşəkkür edirəm
Xəstəxanada müalicəsi davam edən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk 11 gündür Müqəddəs Pyotr meydanına toplaşan insanlara xəstəxanadan səsli mesaj ünvanlayıb.
Pontifik 30 saniyəlik səs yazısında onun üçün dua edənlərə təşəkkürünü bildirib.
“Dualarınız üçün, meydandan sağlamlığım üçün etdiyiniz dualara görə sizə ürəkdən təşəkkür edirəm. Allah sizdən razı olsun”, - deyə Roma Papası qeyd edib.
Pontifik bu addımı hər gün aldığı çoxsaylı mesajlara görə minnətdarlıq əlaməti olaraq atıb. İyirmi bir gün sonra Papa Fransiskin səsinin yenidən Müqəddəs Pyotr meydanında səslənməsi yüzlərlə insan arasında rezonans doğurub.
Bundan başqa, Müqəddəs Taxt-Tacın mətbuat xidməti Roma Papasının sağlamlıq vəziyyətinin əvvəlki günlərlə müqayisədə stabil qaldığını açıqlayıb.
Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.