"Bir ovuc adamın Azərbaycan xalqının adından danışması siyasi əxlaqsızlığın ən bariz nümunəsidir"-KAMİLƏ ƏLİYEVA
Ötən ilin son günlərində bir qrup üzdəniraq "siyasi mühacirlər" "parlament seçkiləri" keçirdib, "xalq parlamenti" yaratdılar. Bir neçə gün bundan əvvəl Sevinc Osmanqızının "xalq parlamenti"nin "sədri" Abid Qafarovla müsahibəsini dinləyən hər kəsdə ikrah hissi yaratdı. "Spiker" vurğulayır ki, ötən ilin sonunda keçirilən "parlament seçkiləri"nin keçirilməsinə hansısa alman şirkəti təmənnasız proqram təminatı köməkliyi göstərib və bunu güya Azərbaycan xalqına hədiyyə edib. Bir ovuc adamın Azərbaycan xalqının adından danışması siyasi əxlaqsızlığın ən bariz nümunəsidir. Hansısa alman şirkətinin bu cür "vətənpərvərlərə" yardım etməsi onların Azərbaycan dövlətinə və xalqına düşmən kəsilmiş qüvvələrə xidmət etməsi hər kəsə məlumdur.
Osmanqızı müsahibi ilə dialoqa başlamazdan əvvəl gülə-gülə qeyd edir ki, "parlament"in ilk iclasında qalmaqal yaşanıb. Bu siyasi oyunun ilk günündə qalmaqal yaşanması bu siyasətbazların çürük ağıl və düşüncə sahibi olmağına sübutdur. Əslində qalmaqal yox, əsl faciə yaşanıb. Bir araya gələ bilməyib, yaranmış böyük əsəb və stressdən Leyla Məmmədova adlı bir şəxs dünyasını dəyişib. Müsahiblər vurğulayır ki, iclasın bu cür baş tutması demokratiyanın əlamətidir. Bunların əqidələrinə görə demokratiya əlbəyaxa olmaq, bir-birini təhqir etmək deməkdir, bir-birini dinləmək mədəniyyəti, başqa insanların fikirlərinə hörmətlə yanaşmaq demokratiyadan uzaq olmaq deməkdir. Yaxşı ki, bu "siyasətçilərin" iclası onlayn keçirilib, iclas zalında bir yerdə olsaydılar bundan da böyük faciə yaşanardı, qan su yerinə axardı, bir neçə adam həyatını itirərdi.
Son dövrlər Amerika və Avropadakı havadarlarının əmri ilə xaricdəki "siyasi mühacirlər" Azərbaycan dövlətinə və xalqına qarşı daha da fəallaşıblar. Azərbaycan dövlətinin artan nüfuzu, tək regionda deyil dünyada söz sahibi olması dövlətimizə düşmən kəsilən bəzi Qərb dövlətlərini narahat edir. Azərbaycan gücləndikcə bu ölkələr də məğlub olduqlarını düşünərək geri çəkiləcək və reallıqla barışacaqlar. Bu gün Ermənistan dövlətinin arxasında dayana bilməyən bu qüvvələr sonda xainləri də tək buraxacaqlar. Yaxın zamanda dövlətinə, xalqına qarşı satqınlıq, xainlik edənlər dövlət və xalq qarşısında cavab verəcəklər. Sonrakı peşmançılıq fayda verməyəcək.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor