azturkxeber.az
http://azturkxeber.az

BMU informasiya texnologiyaları ixtisası üzrə abituriyentlər üçün geniş imkanlar yaradır

28-07-2026

BMU informasiya texnologiyaları ixtisası üzrə abituriyentlər üçün geniş imkanlar yaradır

2026/2027-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində qəbul aparılan daha bir ixtisas informasiya texnologiyalarıdır.

BMU-dan bildirilib ki, təhsil müddətində tələbələr proqramlaşdırma, kompüter şəbəkələri, verilənlər bazaları, informasiya təhlükəsizliyi, süni intellekt, maşın öyrənməsi və verilənlərin təhlili sahələrində müasir nəzəri bilik və praktik bacarıqlara yiyələnirlər. Bu ixtisas üzrə məzunlar tədqiqat, innovasiya və beynəlxalq akademik mühitdə fəaliyyət göstərmək üçün zəruri kompetensiyalar qazanır, həmçinin müxtəlif istiqamətlərdə uğurlu karyera qurmaq imkanı əldə edirlər. Onlar kompüter proqramçısı, proqram təminatı mühəndisi, kompüter sistemləri analitiki, kompüter şəbəkələri üzrə mütəxəssis, verilənlər bazası inzibatçısı, informasiya təhlükəsizliyi analitiki, veb-proqramçı, süni intellekt mühəndisi, maşın öyrənməsi üzrə mütəxəssis, data analitiki və digər yüksək tələbat olan peşələrdə fəaliyyət göstərə bilərlər.

BMU-İNHA İDP “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən uğurla həyata keçirilir. Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

Proqramın tədrisi 3+1 modelinə əsaslanır. Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən informasiya və kommunikasiya mühəndisliyi, BMU tərəfindən isə informasiya texnologiyaları ixtisası üzrə bakalavr diplomu təqdim edilir.

Təhsilalanların Koreyada 1 illik tam təhsil və digər bütün xərcləri Dövlət Proqramı çərçivəsində qarşılanır.

İkili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzinin (DİM) bakalavriat səviyyəsi üzrə qəbul imtahanlarının nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də Azərbaycan vətəndaşı olan, DİM imtahanlarından uğurla keçən I ixtisas qrupu üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış abituriyentlər iştirak edə bilər. Seçim nəticəsində 26 tələbə informasiya texnologiyaları ixtisası üzrə təhsil almaq hüququ qazanacaq.

Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada keçirilən riyaziyyat, fizika və ingilis dili üzrə daxili imtahandan uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədləri “ onlayn anket”ə daxil etməlidir. Sənədlər avqustun 1-dək qəbul edilir.

İDP-yə qəbul üçün daxili imtahan avqustun 4-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 6-da elan ediləcək.

BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilərək, DİM-də rəsmi olaraq qeydiyyata alınır. Əlavə olaraq, qəbul olunmuş namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar. BMU-İNHA İDP-yə qəbul olunmayan namizədlərin DİM-in ixtisas seçimi (kodlaşdırma) mərhələsində iştirak etmələri üçün kifayət qədər vaxt nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031