Arıçı Ehtiram Məmmədov: Biyan balını Azərbaycan məhsulu olaraq dünya brendi etməyə çalışırıq
Ölkəmizdə bir çox arıçılıq təsərrüfatları var ki, onlardan biri də Saatlı rayonu Smadakənd kəndində yerləşən biyan balı təsərrüfatıdır. Bu arıçılıq təsərrüfatı 100 hektardan çox ərazini əhatə edən biyanlıq sahədə yer alır. Hazırda mövsümün ilk bal süzümü yekunlaşmaq üzrədir. Əsas hədəf biyan balını Azərbaycan məhsulu olaraq dünya brendinə çevirməkdir.
Sözügedən arıçılıq təsərrüfatında 80 arı ailəsi bəslənilir. Yaz fəslində havalar qeyri-sabit keçsə də sonradan arıların işləməsi üçün münbit şərait yaranıb və nəticədə məhsuldarlıq da yaxşı olub.
Arıçı Ehtiram Məmmədov bildirib ki, bu il biyan balı may balına nisbətən daha çoxdur. Lakin ötən illə nisbətdə 20-30 faiz az məhsul var. Bunun səbəbi isə iqlim şəraiti ilə əlaqəlidir. Buna baxmayaraq məhsuldarlıq ürəkaçandır. "Təkcə biyanlıq sahədə yerləşən təsərrüfatdan bir tondan çox məhsul gözləyirik. Mövsümün ilk süzümü yekunlaşmaq üzrədir. Biyanlıq sahədə olan təsərrüfatımzıda 80 arı ailəsi var. Hər ailədən 15-20 kiloqram bal götürürük. Digər təsərrüfatımız isə tuqay meşələrində yerləşir. Burada süzüm yekunlaşdıqdan sonra tuqay meşlərində yerləşən təsərrüfatda bal süzümünə başlayacağıq. Ölkəmizdə olan rəngarəng təbi şərait imkan verir ki, ballar tərkibi ilə seçilsin, məsələn cökə balı, şabalıd balı, qaratikən balı, necə öz spesifikliyi ilə seçilirsə, biyan balı da tərkibinə görə fərqlənir və dünyada məşhurdur. Çünki biyan bitkisinin kökü çox faydalı sayılır. Məhz bir çox dərman ləvazimatları biyan kökündən hazırlanır. Bu il biyan bitkisi yaxşı inkişaf etdiyi üçün süzülən balın 90 faizi demək olar ki, biyan tərkiblidir. Bu balın əsas özəlliyi isə müalicəvi xarakterli olmasıdır. Əsasən də asma , bronxit, xəstəlikləri üçün faydalıdır. Biyan balının daha bir özəlliyi isə şəkərlilik tərkibinin az olmasıdır. Buna görə də şəkərli diabet xəstələri də bu baldan istifadə edə bilirlər. Bir çox müştərilər məhz bu səbəblərə görə biyan balına üstünlük verir",- deyə arıçı söyləyib.
Saatlının biyan balı hətta bir neçə il davamlı şəkildə uzaq şərqə Yaponiyaya qədər gedib çatıb. "Pandemiyadan əvvəl 3 il davamlı şəkildə Yaponlar məhz bizim təsərrüfatın balından alıblar. Daha sonra əlaqələr kəsilib. Lakin indi yenidən çalışırıq biyan balını dünya brendinə çevirək və Azərbaycan məhsulu olaraq tanıdaq. Hazırda Türkiyədən olan alimlərlə əlaqədəyik , bal və çiçək tozu göndərmişik, araşdırma aparılır, məqsədimiz Azərbaycan məhsulu olan biyan balını dünya brendinə çevirməkdir. Eyni zamanda Çindən də Azərbaycan balı ilə yaxından maraqlananlar var və bir çox yoldaşlar həmin ölkəyə bal göndərirlər. Bundan başqa ərəb ölkələrinə də Azərbaycan balı ixrac olunur",- deyə o, bildirib.
Arıçı Ehtiram Məmmədov bu il təsərrüfatda daha bir yenilik edib. Arı qutularının üzərində xüsusi dairəvi halda kəsilən taxtalar yerləşdirirək arıların şüşə qablarda pətək qurmağına şərait yaradıb.
“Arı elə canlıdır ki, boşluq olan sahələrdə pətək quraraq azuqə toplayır. Buna görə də həm maraqlı alınsın, həm də diqqət çəksin deyə arı qutularının üzərində bankalar yerləşdiririk. Bu bankaların içinə kiçik mum əlavə edirik. Arılar da bu bankalarda pətəklər quraraq bal istehsal edir, nəticədə isə ortaya maraqlı və diqqətçəkən bir məqam çıxır, bu məhsullar isə əsasən müştərilər tərəfindən hədiyyəlik olaraq alınır",- deyə arıçı əlavə edib.