Nəsimi festivalı şairin doğma diyarı Şamaxıda davam edir
Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının ikinci günü dahi şairin doğma yurdu Şamaxıda davam edir.
Ilk dəfə olaraq Nəsimi Bağları Kompleksində keçirilən festival bu ərazinin müxtəlif məkanlarında təşkil olunub. Festivalın ikinci günündə iştirakçılar zəngin mədəni proqram izləyirlər.
Festival tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramla başlayıb.
Xalq artisti Munis Şərifovun bədii rəhbəri olduğu Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə xanəndələr Alim Qasımov, Fərqanə Qasımovanın, həmçinin İlkin Dövlətov, Hüseyn Məlikovun ifaları səslənib, qiraətçilər Mehriban Zəki, Xalidə Quliyeva, Xəzər Süleymanlı, Qasım Nağı, Əliağa Tapdıqov, Firuzə İsmayıl, Lalə Süleymanlının təqdimatında şeirlər oxunub.
Festivalın iştirakçısı Yoqəddin AZƏRTAC-a açıqlamasında deyib ki, Nəsimi Bağları Kompleksində keçirilən tədbir onu valeh edib. O qeyd edib ki, Şamaxının təbiəti, tarixi və poeziyanın ruhu birləşərək burada xüsusi bir atmosfer yaradıb.
Yoqəddinin sözlərinə görə, musiqi və poeziyanın vəhdəti, eləcə də gənc sənətkarların təqdimatları festivalın əhəmiyyətini daha da artırıb və hər kəsi ruhlandırıb. Həmçinin burada insanlar arasında mədəni və mənəvi əlaqə yaranır, hər kəs paylaşmaq və ilham almaq üçün bir araya gəlir.
Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi, Sufi rəqsini ifa edən İslam Məmmədov qeyd edib ki, festival vasitəsilə Nəsiminin sözlərini, şeirlərini və fəlsəfi düşüncələrini yaymaq və onu daha geniş auditoriyaya çatdırmaq mümkündür. O əlavə edib ki, belə tədbirlər gənclərin yaradıcılıq potensialını artırır, onların milli-mənəvi kökləri ilə bağlı şüurunu gücləndirir və ədəbiyyata, incəsənətə olan maraqlarını daha da dərinləşdirir.