Bu hadisə ilə əlaqədar 26 dekabr Azərbaycanda matəm günü elan edildi-KAMİLƏ ƏLİYEVA
25 dekabr 2024-cü il tarixində Bakı-Qroznı marşrutu ilə uçan AZALa məxsus sərnişin təyyarəsinin kənar müdaxilə nəticəsində qəzaya uğraması və çox sayda vətəndaşımızın həlak olması və ağır yaralanması hər birimizi çox kədərləndirdi. Bu hadisə ilə əlaqədar 26 dekabr Azərbaycanda matəm günü elan edildi. Məhz pilotlarımızın və bütün ekipaj üzvlərinin peşəkarlığı və qəhrəmanlığı sayəsində təyyarə Aktau şəhərinə qəza enişi etməsi nəticəsində 30-a yaxın insanın həyatını xilas etmək mümkün oldu. Prezident cənab İlham Əliyevin sərəncamları ilə ekipaj üzvləri ilə vida mərasimindən sonra iki pilot və bir bələdçi Milli Qəhrəman adına layiq görülüb, iki bələdçi isə birinci dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Yanvarın 6-da Prezident cənab İlham Əliyevin Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış sərnişin təyyarəsinin həlak olan ekipaj üzvlərinin ailə üzvləri və qəza zamanı sağ qalmış təyyarə bələdçiləri ilə görüşməsi və dövlətimizin ən ali mükafatlarını şəxsən özünün təqdim etməsi ölkə başçımızın Azərbaycanın igid oğul və qızlarının həmişə qəhrəmanlığı və peşəkarlığını layiqincə dəyərləndirməsinə bariz nümunədir. Ölkə başçımız bir daha sübut etdi ki, həlak olanların hər biri təkcə onların yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Görüşdə çıxış edən dövlətimizin başçısı bir sıra məqamlara da aydınlıq gətirdi. Prezident cənab İlham Əliyev açıq və qətiyyətli şəkildə cinayət törədilməsi nəticəsində qəza hadisəsi baş verdiyini vurğuladı.
Bu bədbəxt hadisə baş verməyə də bilərdi, əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, eləcə də Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı bu dəhşətli və acı faciə yaranmazdı. Digər bir məsələ də sərnişin təyyarəsinin yaxınlıqdakı hava limanlarına enməsinə icazə verilməməsidir. Bütün bunların təxribat olmasına və ya digər səbəbdən baş verməsinə ölkə başçımızın da qeyd etdiyi kimi "qara qutu" açıldıqdan sonra aydınlıq gətiriləcək. Təyyarə qəzaya uğradıqdan dərhal sonra Rusiyadaki bəzi dövlət qurumları hadisənin güya təyyarənin havadakı quşlarnan toqquşması və ya təyyarənin salonunda qaz balonunun partlaması nəticəsində baş verməsi haqqında uydurma informasiya yaymağa cəhd etdilər. Prezident cənab İlham Əliyevin hadisəyə dərhal reaksiya verməsi, hadisə ilə bağlı istintaq komissiyasının yaradılması və bir sıra məsələlərə vaxtında aydınlıq gətirilməsi bu cəhdlərin qarşısını aldı.
"Qara qutu"nun Braziliyaya göndərilməsi də ölkə başçımızın tələbi və qətiyyəti sayəsində baş tutdu, çünki Rusiya Federasiyasının rəsmi dairələri bu hadisənin obyektiv araşdırılmasına cəhd göstərmədi. "Qara qutu" açıldıqdan sonra bütün suallara aydınlıq gətiriləcək və hadisənin törədilməsində cinayət tərkibi olması tam sübuta yetirildikdən sonra cinayətkarlar hökmən öz cəzalarını alacaq.
Bu gün bütün dünya Azərbaycanın oğul və qızlarının mərdliyi və igidliyindən danışır. Onlar öz həyatlarını qurban verərək onlarla insanın həyatını xilas etdilər. Avropada, Amerikada oturub azərbaycançılıqdan, vətənpərvərlikdən dəm vuran üzdəniraq "həmvətənlərimiz" bu cür igid oğul və qızlarımıza baxıb özlərinə nə ad qoyurlar?! Azərbaycan xalqı xaricdəki riyakarları xəyanətkar kimi tanıyır. Tarixin səhifələrinə İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyeva Milli Qəhrəman, Osmanqızı və digərləri isə milli xəyanətkarlar kimi yazılacaq.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor