Naxçıvan Dövlət Milli Dram teatrına direktor təyin edildi
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram teatrına direktor təyin edilib.
AzTurkxeber.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Həsən Seyidovun 7 yanvar 2025-ci il tarixli qərarına əsasən Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru vəzifəsini icra edən Mir Qabil Qafil oğlu Əkbərov teatrın direktoru vəzifəsinə təyin edilib. Qərara əsasən teatrın baş rejissoru vəzifəsinin müvəqqəti icrası direktor Əkbərov Mir Qabil Qabil oğluna həvalə edilsin.
Belə ki, Mir Qabil Əkbərov 2023-cü ilin aprelində Naxçıvan Dövlət Milli Dram Teatrına baş rejissor olaraq təyin edilmişdir. 2024-cü ilin sentyabr ayında isə Mir Qabil Əkbərov teatrın direktor səlahiyyətlərini müvəqqəti icra edicisi olaraq təyin edilmişdir. Təyinat aldığı gündən müxtəlif uğurlara imza ataraq teatrın inkişafı üçün lazımı işləri görən Mir Qabil Əkbərov həm də, Müstəqil Şahmat Teatrının təssisçisi və rəhbəri olmuşdur.
Mir Qabil Əkbərov 1997-ci ildə Naxçıvan şəhərində, Xalq artisti Yasəmən Ramazanovanın ailəsində anadan olub. 2010-2015-ci illərdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında aktyor kimi çalışıb.
2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin dram rejissoru ixtisasına qəbul olunub. 2019-cu ildə məzun olduqdan sonra təhsilini ADMİU-nun dram rejissoru ixtisası üzrə magistratura pilləsində davam etdirib.
2017-ci ildə müstəqil “Şah Mat” teatrını yaradıb. Teatrın kollektivi Tacikistan, Rusiya, İran və Türkiyədə beynəlxalq festivallarda iştirak edib.
Mir Qabil Əkbərovun quruluş verdiyi və “Şah Mat” teatrı tərəfindən təqdim olunan Patrik Züskindin “Kontrabas”, Viktor Hüqonun əsərinin motivləri əsasında “Edama məhkumun son günü”, Qilyermo Fiqeredunun “Ezop”, Matey Visnekin "Qoca kloun tələb olunur" əsərinin motivləri əsasında “Üstdəki dərinliklər” və s. tamaşalar maraqla qarşılanıb.