İyulun 12-də keçirilən qəbul imtahanının nəticələri elan edilib
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 12-də I və IV ixtisas qrupları, həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənnindən keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
DİM-dən bildirilib ki, ərizəsi təsdiq edilmiş 30 min 300 abituriyentdən 916 nəfəri imtahana gəlməyib. İştirakçılardan 16 nəfər isə qayda pozuntusuna yol verdiyinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən 6057 abituriyentdən 1256 nəfər coğrafiya fənni üzrə imtahanda iştirak etməyib.
Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticə – 400 balı 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər göstərib.
I ixtisas qrupu üzrə hər iki mərhələnin nəticələrinin cəminə görə ən yüksək göstərici 697,5 bal olub. Bu nəticəni Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu Zəfər Həsənli və Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin məzunu Aysu Məhərrəmli əldə edib.
IV ixtisas qrupu üzrə isə maksimum nəticəni – 700 balı Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə göstərib.
Qeyd edək ki, qəbul imtahanının birinci mərhələsində maksimum 300, ikinci mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə əldə olunan nəticələrin cəminə əsasən aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək istəyənlər iyulun 29-u saat 10:00-dan iyulun 31-i saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizə vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Mərkəz abituriyentlərə müraciət etməzdən əvvəl nəticələrini, cavab vərəqlərinin qrafik təsvirlərini və qiymətləndirmə meyarlarını diqqətlə nəzərdən keçirməyi tövsiyə edib. Bununla yanaşı, qəbul imtahanlarının təşkili ilə bağlı iştirakçıların rəylərinin öyrənilməsi məqsədilə onlayn sorğu da keçirilir. Sorğunun linki hər bir abituriyentin nəticə səhifəsində yerləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: