“Liman”dan “Uzaq, yaşıl ada”ya uzanan ömür nəğməsi
Bu gün Xalq artisti Mirzə Babayevin doğum günüdür
Onu hamı sevirdi. Şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay”, “Sən uzaq, yaşıl ada” və yüzlərlə belə mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.
Azturkxeber.az xəbər verir ki, bu gün Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən olan Mirzə Babayevin anadan olmasından 113 il ötür.
Hər dəfə M.Babayevin sənət dünyası haqqında fikirləşəndə adama elə gəlir ki, o, ifa etdiyi mahnının musiqisini də, sözlərini də özü yazıb. Sənətkarın özünəməxsus üslubu - ifa zamanı bəzən pıçıltı ilə dediyi sözlər belə dinləyicinin bütün varlığına hopur.
Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin unudulmaz bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi mədəniyyətimizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer tapmışdı.
O, müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Görkəmli estrada müğənnisi dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musiqimizi çox-çox yüksəklərə qaldırıb.
Müğənni 30-dan artıq filmdə rol alıb. “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” filmlərindəki epizodik rolları tamaşaçının yaddaşına əbədi həkk olunub. Onun bənzərsiz ifası obrazların daha qüvvətli alınmasına əhəmiyyətli dərəcədə təsir göstərib. “O olmasın, bu olsun” filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev oxuyub. Yaxud “Onu bağışlamaq olarmı?” filmində Tərlanın mahnısı hər birimizin qəlbindədir.
Onun milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilib, Vətənin ən yüksək fəxri adlarına layiq görülüb, bir sıra orden və medallarla təltif olub.
Mirzə Babayev 2003-cü il yanvarın 13-də, ömrünün 90-cı ilində dünyasını dəyişib.
İllər, qərinələr keçəcək, lakin unudulmaz estrada ulduzu Mirzə Babayevin zəngin musiqi irsinin şölələri heç vaxt sönməyəcək. Bu böyük sənətkarın yaradıcılığından bir məktəb olaraq neçə-neçə nəsillər bəhrələnəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:


