azturkxeber.az
http://azturkxeber.az

BDU-da “Diplomatiya saatı” layihəsinin növbəti qonağı Azərbaycanın İsraildəki səfiri olub

03-07-2026

Bakı Dövlət Universiteti (BDU), Xarici İşlər Nazirliyi (XİN), “BDU könüllüləri” və “Diplomatiya könüllüləri” təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən “Diplomatiya saatı” layihəsinin növbəti qonağı Azərbaycanın İsrail dövlətindəki səfiri Muxtar Məmmədov olub.

Universitetdən bildirilib ki, görüşdə sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Bakı Dövlət Universitetinin ölkənin yüksəkixtisaslı kadrlarla təmin edilməsində vacib rolunu diqqətə çatdırıb, universitetin XİN-lə sıx əməkdaşlıq etdiyini bildirib. O qeyd edib ki, “Diplomatiya saatı” layihəsinin məqsədi tələbələri Azərbaycanın xarici ölkələrdəki səfirləri və XİN sistemində çalışan peşəkar diplomatlarla görüşdürməkdir.

Prorektor çıxışında Muxtar Məmmədovun BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu olduğunu qeyd edib.

Səfir Muxtar Məmmədov uzun illər sonra yenidən doğma universitetin divarları arasında olmaqdan məmnunluğunu bildirib. O, tələbələrə peşəkar diplomat olmağın çətin, məsuliyyətli və şərəfli olduğunu deyib: “Diplomat hər bir sahədə ölkəsini təmsil edir. Ona görə də onun nitqi ilə yanaşı, davranış və hərəkətləri də daim diqqət mərkəzində olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşləri, mətbuat konfransları zamanı çıxışları indiki və gələcək diplomatlar üçün əsl ustad dərsidir”.

Diplomat xarici siyasət sahəsində çalışmaq istəyən tələbələrə çoxlu kitab oxumağı, dil öyrənməyi, tanınmış diplomatların bioqrafiyaları ilə tanış olmağı tövsiyə edib: “Diplomatlar öz ölkəsinin və xidmət etdikləri ölkənin gündəmini müntəzəm izləməli, media ilə işləməyi bacarmalıdırlar. Hadisələri proqnozlaşdıra bilmək, çevik qərarvermə qabiliyyətinə malik olmaq, tənqidi düşüncə qabiliyyəti diplomatlar üçün vacibdir. Bəzən diplomatiyada, xarici siyasətdə nəticələr dərhal görünmür. Azərbaycanın qazandığı böyük Zəfər, xarici siyasətdəki uğurlarımız, dünyada güc mərkəzinə çevrilməyimiz illərlə aparılan uğurlu siyasətin nəticəsidir. Azərbaycanın xarici siyasəti ölkənin milli maraqlarına söykənən multivektorial siyasətdir”.

Qonaq daha sonra qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031