AQTA: Yoluxucu xəstəliklərdən qorunmaq məqsədilə bəzi malların idxalına məhdudiyyət tətbiq edilib
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Tunisin Beca, Mahdiya, Aryana, Sfax, Zaqvan, Sidi Bu Zid, Manuba, Bizerta, Ben-Arous, Susa, Silyana, Nabul, Cenduba, Le Kef, Tunis, Monastir, Əl-Qeyrəvan, Kasserin vilayətlərində nodulyar dermatit xəstəliyi, Mərakeşin Kasablanka-Settat regionunda, Xorvatiyanın Zaqrebaçka bölgəsində blutanq xəstəliyi, Bolqarıstanın Pazarcik vilayətində isə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.