Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür - VİDEOMƏLUMAT
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali Makedoniyanın Cənub-Şərqi Statistik regionunda, Xorvatiyanın Splitsko-Dalmatinska kantonunda blutanq xəstəliyi, Bolqarıstanın Yambol vilayətində nyukasl xəstəliyi, İspaniya Krallığının Kastiliya-La Mança muxtar icmasında, Botsvananın Çobe dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması üçün həmin ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.