Radiasiya təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsi sahəsində işləri davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən verilən məlumata görə, agentliklə Gəncə Regional Mərkəzi arasında imzalanmış “Qarşılıqlı fəaliyyət planı” çərçivəsində “Sahibsiz radioaktiv mənbələr və onlarla davranış” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Agentliyin rəis müavini Xəzər Əmiraslanov çıxış edərək qarşıda duran məsələlər, regional mərkəzlərlə birgə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və tədbirin sahibsiz radioaktiv mənbələrlə əlaqəli davranışa aid olduğunu bildirib.
Ümumilikdə 30 nəfərdən artıq nümayəndənin iştirakı ilə keçirilən tədbirdə nüvə və radioloji fəaliyyətə nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələrin aşkarlanması və onlarla davranış zamanı qurumların əlaqələndirilməsi, nüvə və radioloji qəza halları zamanı idarəetmə mexanizmi məsələləri müzakirə olunub.
Agentliyin Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov, Nüvə və radiasiya qəzaları şəraitində idarəetmə sektorunun müdiri Baba Babayev və Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin baş məsləhətçisi Kamilə Əjdərli müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər.
Təbdir zamanı müvafiq mövzulara dair videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.