Bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir.
Yanvarın 17-də Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdilər. Görüşdə hər iki ölkə arasındakı siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq və gələcək perspektivlər müzakirə olundu. Bu görüş iki dövlət arasında tarixi əlaqələrin davamlılığını və regionun sabitliyinə verdiyi töhfələri bir daha nümayiş etdirdi.
Azərbaycan və Gürcüstan əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşamış ölkələrdir. Bu gün də bu əlaqələr geniş müstəvidə davam edir. İki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika və mədəni sahələrdə qurulan əməkdaşlıq regional və beynəlxalq səviyyədə ciddi əhəmiyyətə malikdir.Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollarlıq sərmayə qoyub ki, bu da qonşu ölkədə yaradılan müsbət sərmayə mühitinin və hər iki tərəfin qarşılıqlı maraqlarının əksidir. Azərbaycan investorlarının Gürcüstanda aktiv fəaliyyəti, iqtisadi sahədə əlaqələrin daha da dərinləşəcəyinə işarədir.Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də qlobal miqyasda xüsusi əhəmiyyət daşıyır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında bu dövlətlərin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya və parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu platformaları vacib rol oynayır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan 11 ölkəyə Gürcüstan tranziti vasitəsilə təbii qaz ixrac edir və bu rəqəmin artacağı gözlənilir. Bu əməkdaşlıq Gürcüstanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Statistikaya əsasən, Gürcüstanın təbii qaz istehlakının 80%-dən çoxu Azərbaycanın payına düşür. Bundan əlavə, ölkələr yaşıl enerji layihələrində də birgə addımlar atır. Xüsusilə bərpa olunan enerji mənbələri üzərində işlər hər iki hökumətin məsuliyyətini və gələcək inkişaf perspektivlərini ortaya qoyur. Azərbaycan və Gürcüstan arasında bağlanmış 123 sənəd iki ölkə arasındakı münasibətlərin möhkəm hüquqi bazasını təşkil edir. Bu sənədlər əməkdaşlığın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır.
Görüşdə, həmçinin Orta Dəhliz layihəsi, nəqliyyat infrastrukturunun inkişafı və rəqəmsallaşdırılması məsələləri müzakirə olundu. Azərbaycan və Gürcüstanın strateji mövqeyi Avropa ilə Asiya arasında körpü rolunu oynamağa imkan verir. Bu istiqamətdə həyata keçirilən layihələr yalnız region ölkələrinin deyil, həm də qonşu ölkələrin iqtisadi əlaqələrinin güclənməsinə xidmət edir. Gürcüstan və Azərbaycanın nəqliyyat infrastrukturlarını paralel şəkildə inkişaf etdirməsi və rəqəmsal texnologiyaların tətbiqi bu sahədə daha səmərəli nəticələr əldə etməyə imkan verir.Bu görüş yalnız ikitərəfli əlaqələrin inkişafına deyil, həm də regionda sabitliyin və iqtisadi inteqrasiyanın gücləndirilməsinə töhfə verir. Azərbaycan və Gürcüstanın birlikdə göstərdiyi səylər onların Avropa ilə Asiya arasında mühüm körpü rolunu daha da möhkəmləndirəcək və yeni uğurlu layihələrin əsasını qoyacaq.
İlham Əliyevin bəyanatında vurğulanan əməkdaşlıq perspektivləri hər iki ölkənin xalqlarına və regionun inkişafına xidmət edən strateji hədəfləri əks etdirir. Şübhəsiz ki, bu görüş, Azərbaycan-Gürcüstan tərəfdaşlığının davamlı inkişafına və daha parlaq gələcəyinə doğru atılmış növbəti addım oldu.
Rəfiqə Ağabəyova,
Salyan Tarix Diyarşünaslıq Muzeyinin direktoru