2010-cu ildə Kankun Çərçivəsindən başlayan Milli Uyğunlaşma Planı (MUP) qlobal uyğunlaşma səylərinin təməl daşına çevrilib.
Bu sözləri ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə elçisinin müavini Sue Biniaz “COP29-da Uyğunlaşma Fəaliyyətinin Sürətləndirilməsi: Milli Uyğunlaşma Planlarının formalaşdırılması və həyata keçirilməsinin sürətləndirilməsi” mövzusunda konfransda çıxışı zamanı deyib. O bildirib ki, Paris Sazişinin yeddinci maddəsində də bu, aydın şəkildə qeyd olunur. “MUP-lara uyğunlaşmanın planlaşdırılması və həyata keçirilməsi üçün əsas vasitə kimi baxılır. Yaşıl İqlim Fondu bütün inkişaf etməkdə olan ölkələrə MUP-ları formalaşdırmaqda dəstək olmaq üçün xüsusi maliyyələşdirmə pəncərəsi yaradıb. Ötən il Dubayda qlobal iqlimə davamlılıq üçün BƏƏ Çərçivəsinin işə düşməsi də bu sahədə daha bir əlamətdar idi”, - deyə Sue Biniaz əlavə edib. Onun sözlərinə görə, son on il ərzində MUP prosesinin irəliləyişində böyük addımlar atılıb: “Kankundan bəri ABŞ MUP prosesinin güclü dəstəkçisi olub”.