Artıq dövlətlər iqlim dəyişikliyindən dəyən zərəri müstəqil şəkildə ödəyə və iqtisadiyyatı dəyişən ekoloji reallıqlara uyğunlaşdıra bilirlər. Odur ki, Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları tərəfindən müzakirə edilən iqlim maliyyələşdirilməsinin uyğunlaşdırılması xüsusilə vacib görünür.
Bu fikri Türkiyənin “Kanal B” telekanalında Uludağ Universitetinin Ətraf mühit mühəndisliyi kafedrasının dosenti, elmlər doktoru Efsun Dindar deyib.
Alim COP29 iştirakçıları arasında Yerin atmosferini çirkləndirən lider ölkələr olan ABŞ və Çinin başçılarının olmamasından təəssüfləndiyini bildirib.
Onun fikrincə, müasir iqlim problemlərinin əsasını inkişaf etmiş ölkələrin fəaliyyətləri təşkil edir və onlar ətraf mühiti nəzarətsiz şəkildə çirkləndirir. “İstixana qazı emissiyalarının əksəriyyəti inkişaf etmiş ölkələrə məxsusdur, iqlim böhranının mənfi nəticələri isə ən çox inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələr tərəfindən hiss olunur”, -deyə türkiyəli ekspert bildirib.
Dindar bununla bağlı iqlim ədalətinin təmin edilməsinin vacibliyini vurğulayaraq əlavə edib ki, inkişaf etmiş ölkələrin missiyası inkişaf etməkdə olan ölkələrə fəal dəstək vermək və təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün maliyyə mənbələri yaratmaqdır.
Türkiyəli universitet müəllimi əmindir ki, beynəlxalq əməkdaşlıq olmasa, dünyada ekoloji vəziyyət daha da pisləşəcək. “İqlim böhranı sərhəd tanımır, nəticələr bütün ölkələrə təsir edəcək. Artıq bu gün bəşəriyyət İspaniyada dağıdıcı sel və daşqınlar, Səudiyyə Ərəbistanının səhralarında qar yağması ilə üzləşib. Türkiyəyə gəlincə, Egey, Mərmərə dənizləri, eləcə də daxili Anadolu bölgələrində yay mövsümündə minimum yağıntının düşməsi quraqlıq və su ehtiyatlarının qıtlığı qorxusunu artırır”, - deyə universitetin dosenti vurğulayıb. O, həmçinin bildirib ki, kənd təsərrüfatı sektorunda artıq iqlim dəyişikliyi səbəbindən ciddi itkilər proqnozlaşdırılır.
Bununla belə, alim qeyd edib ki, dövlətlərin elan etdiyi NDCs-lər (Milli Səviyyədə Müəyyən Edilmiş Məqsədlər) Paris Sazişinin məqsədlərinə nail olmağa və 2030-cu ilə qədər qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdırmağa imkan vermir.
“Dövlətlər bu məqsədlər çərçivəsində könüllü olaraq bəyan edilmiş öhdəlikləri belə tam yerinə yetirmirlər. Bunun üçün heç bir sanksiya yoxdur. Bu isə o deməkdir ki, 2050-ci ilə qədər bəşəriyyət orta qlobal temperaturun 3 dərəcə Selsi artması ilə bağlı təhlükə məsələsini müzakirə edəcək. Bu, Yerin iqliminin modelləşdirilməsinin zəruriliyini təsdiqləyir. Bəşəriyyətin inkişafı üçün COP29 iştirakçılarının dəyişməyi planlaşdırdıqları pis ssenari yaranıb”, - deyən dosent hamını ekoloji böhran məsələsinə səmimi və məsuliyyətli yanaşmağa çağırıb.