Dekabrda ödəniş kartları üzrə artım debet kartlarında 20 faiz təşkil edib
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 436 min ədəd artaraq 19 milyon 899 min ədəd təşkil edib.
Azturkxeber.az Mərkəzi Banka istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,6 faiz artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 19,9 faiz, kredit kartları üzrə 1,8 faiz təşkil edib. Ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artıb. 2024-cü ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,486 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,360 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,121 milyon manatı POS-terminallar, 3,7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64,2 faizini təşkil edib.