İtaliya mətbuatında çıxan son xəbərlərə görə, katoliklərin ruhani lideri və Roma Papası Fransisk 2025-ci ilin may ayında İznik Şurasının 1700-cü ildönümü üçün İzniki ziyarət edəcək.
İtaliyanın “ANSA” xəbər agentliyi Papanın "Müqəddəs il ərzində ilk böyük Ekumenik Şura olan İznik Şurasının 1700 illiyini qeyd etmək imkanımız da olacaq. Oraya getməyi planlaşdırıram" sözlərini sitat gətirib.
325-ci ilin mayında Şərqi Roma İmperiyasının İznik şəhərində toplanan Birinci İznik Şurası xristianlıq tarixində bir ilkdir.
İznik Şurası xristianlıq tarixinin ən mühüm iclaslarından biri olub və onun əsas mövzusu İsanın həqiqi Tanrı olub-olmaması məsələsi idi. Bu mübahisə Misirin İsgəndəriyyə kilsəsində başladı və kilsənin ağsaqqalı Ariusun təlimləri ilə məşhurlaşdı. Ariusun fikrincə, İsa dünya yaranmazdan əvvəl Allah tərəfindən yaradılmış varlıq idi. Ariusun bu fikrinə qarşı çıxanlar arasında o dövrdə İsgəndəriyyə kilsəsinin diakonu, sonralar isə yepiskopu olan İsgəndəriyyəli Afanasius da olub. Afanasius İsanın əsl Allah olduğunu, yaradılmamış və əbədi olaraq mövcud olduğunu, Ata Allahla eyni mahiyyəti paylaşdığını müdafiə edib.
Hər iki qrup İsanı dünyanın yeganə xilaskarı kimi qəbul edib və fikirlərini “İncil” əsasında qurmağa çalışıb. İznik Şurası bu teoloji mübahisənin həlli istiqamətində mühüm bir addım olub və xristian inancının əsas doktrinalarından biri olan Üçlüyə inamı formalaşdırıb.