Bu il 35 “Startap” şəhadətnaməsi verilib
Bu ilin yanvar-iyun aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) “Startap” şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektlərindən 87 müraciət daxil olub.
Agentlikdən bildirilib ki, müraciətlər müvafiq sənədin verilməsi üzrə yaradılmış Ekspertlər Şurası tərəfindən Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən qiymətləndirilib və 35 sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.
Şəhadətnamə almış sahibkarların 28-i hüquqi, 7-si fiziki şəxsdir. Onların 26-sı Bakı şəhərində, 9-u isə regionlarda fəaliyyət göstərir. Müvafiq sənədi almış sahibkarların 2-si qadındır.
“Startap” şəhadətnaməsi almış layihələr e-ticarət, süni intellekt, fintek, təhsil, ictimai iaşə, nəqliyyat və logistika, elektromobillərin enerji infrastrukturu, sənaye, turizm, biznes proseslərinin rəqəmsallaşdırılması kimi sahələrdə innovativ həlləri əhatə edir.
Ümumilikdə, indiyədək 282 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
Qeyd edək ki, “Startap” şəhadətnaməsinin verilməsinə 2021-ci ildən başlanılıb. Bu sənəd KOBİA tərəfindən verilir. “Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: