NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN F Ə R M A N I

Naxçıvan Muxtar Respublikasında rəqəmsal inkişaf sahəsində
idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq, muxtar respublikada rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə onların əsasında Nazirliyin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.
2. “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə:
2.1.1. Cəmiyyətin yenidən təşkili və ləğv edilməsi;
2.2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə:
2.2.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyindəki hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;
2.3. Nazirliyə:
2.3.1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Cəmiyyətin icra orqanının rəhbərinin və onun müavininin (müavinlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2.3.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Cəmiyyətin strukturunun, işçilərinin say həddinin və əməkhaqqı sisteminin müəyyən olunması;
2.3.3. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
2.3.4. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Cəmiyyətin tabeliyində hüquqi şəxs statuslu qurumların (törəmə və asılı cəmiyyətlərin) yaradılması, yenidən təşkili və ya ləğv edilməsi;
2.3.5. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi;
2.3.6. Cəmiyyətin xərclər smetasının təsdiq edilməsi;
2.3.7. Cəmiyyətin icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
2.3.8. Cəmiyyətin müşahidə şurasının seçilməsi və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
2
2.3.9. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
2.3.10. Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiq edilməsi, onun mənfəətinin və zərərinin bölüşdürülməsi;
2.3.11. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 (əlli) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
2.3.12. bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
3. Müəyyən edilsin ki:
3.1. Cəmiyyət bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir;
3.2. Cəmiyyət dövlət qeydiyyatına alınanadək bu Fərmanın 1-ci hissəsində göstərilən qurumlar əvvəlki qaydada fəaliyyətlərini davam etdirirlər, işçilərin əməkhaqqı sistemi və qulluq funksiyaları olduğu kimi saxlanılır.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
4.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etsin;
4.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin.
5. Nazirlik:
5.1. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində Cəmiyyətin nizamnaməsini təsdiq etsin və ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etsin;
5.2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların istifadəsində olan dövlət əmlakının inventarizasiyasını apararaq, həmin əmlakın Cəmiyyətə verilməsini təmin etsin;
5.3. Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;
5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin birinci müavini BƏXTİYAR MƏMMƏDOV
Naxçıvan şəhəri, 17 dekabr 2025-ci il
№ 26-VII FR
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: