Azərbaycan-Slovakiya: dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri iki ölkə arasında siyasi, iqtisadi və strateji tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu səfər həm tarixi xarakter daşıyır – Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri olması ilə, həm də müzakirə olunan fikir və layihələrin miqyası ilə fərqlənir. Səfər çərçivəsində keçirilən təkbətək və geniş tərkibli danışıqlar bir daha göstərdi ki, Azərbaycan və Slovakiya qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər qurmuş, çoxşaxəli əməkdaşlıq istiqamətləri üzrə dinamik tərəfdaşlığa nail olmuşlar. İmzalanmış sənədlər və aparılan müzakirələr iki ölkə arasında enerji, nəqliyyat, müdafiə sənayesi, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin yaratmışdır.
Səfərin siyasi və diplomatik əhəmiyyəti
Görüşlər zamanı Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini iki ölkə arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulamışlar. Liderlər son illərdə imzalanmış sənədlərin, xüsusilə də Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin münasibətləri ən ali diplomatik mərhələyə yüksəltdiyini qeyd etmişlər. Prezident İlham Əliyev çıxışında bu sənədin ikitərəfli əlaqələrin bütün istiqamətlərində fəallaşmaya səbəb olduğunu və birgə komanda işinin artıq real nəticələr verdiyini xüsusi vurğulamışdır.
Energetika sahəsində strateji əməkdaşlıq
Azərbaycan-Slovakiya münasibətlərində enerji sahəsi strateji xətt kimi ön plana çıxır. Prezident İlham Əliyev Slovakiyaya Azərbaycan qazının ilk dəfə ötən il tədarük edildiyini xatırladaraq bildirmişdir ki, Azərbaycanın enerji imkanları Slovakiyanın tələbatını istənilən həcmdə təmin etməyə tam imkan verir. Hazırda Azərbaycanın illik qaz ixracı 25 milyard kubmetrə çatmış, bunun yarısı Avropa İttifaqına nəql olunur. Azərbaycanın qazını alan Avropa ölkələrinin sayı səkkizə çatmışdır ki, bu da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş olduğunu göstərir.
Dövlət başçısı əlavə etmişdir ki, yeni qaz yataqlarının istismara verilməsi Azərbaycanın enerji ixrac imkanlarını daha da genişləndirəcək və Slovakiya ilə yanaşı, onun regiondakı tərəfdaşlarının da enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcəkdir.
Müdafiə sənayesində əməkdaşlıq – texnologiya və kapital sintezi
Səfərin önəmli istiqamətlərindən biri müdafiə sənayesi sahəsində əməkdaşlığın müzakirəsi olmuşdur. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu əməkdaşlıq müharibə məqsədi daşımır, əksinə sənaye tərəqqisini sürətləndirməyə, Slovakiya texnologiyalarını Azərbaycan maliyyə imkanları ilə birləşdirərək innovativ məhsullar istehsal etməyə yönəlib. Hər iki ölkənin şirkətləri artıq konkret layihələr üzərində işləyir və bu məhsulların gələcəkdə dünya bazarlarına çıxarılması nəzərdə tutulur.
Prezident İlham Əliyev 8 noyabr – Zəfər Gününün beşinci ildönümündə Slovakiyanın yüksək səviyyədə təmsil olunmasını xüsusi qeyd edərək bunu Slovakiya dövlətinin Azərbaycana səmimi münasibətinin göstəricisi kimi dəyərləndirmişdir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq – Orta Dəhlizin imkanları
Görüşlər zamanı Azərbaycanın Şərqlə Qərb arasında etibarlı tranzit ölkəsi kimi rolu xüsusi vurğulanmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə inkişaf etdirilən Orta Dəhliz bu gün ən təhlükəsiz və səmərəli nəqliyyat marşrutlarından biridir. Ölkəmiz son illərdə nəqliyyat infrastrukturlarına böyük sərmayələr yatırmış və bu xətt üzrə tranzit imkanlarını genişləndirmişdir. Qarşıdakı illərdə logistika sahəsinə yönələcək yeni sərmayələr Azərbaycan-Slovakiya əməkdaşlığının bu istiqamətdə də inkişafını sürətləndirəcək.
Rəqəmsal inkişaf, informasiya təhlükəsizliyi və data mərkəzləri
Səfər zamanı informasiya texnologiyaları üzrə əməkdaşlıq məsələləri də müzakirə olunmuşdur. Prezident İlham Əliyev Azərbaycanın böyük enerji potensialını və soyuq iqlimli bölgələrinin data mərkəzlərinin qurulması üçün əlverişli şərait yaratdığını vurğulamışdır. Gələcəkdə Azərbaycan regional məlumat mərkəzi rolunu oynaya bilər. Hazırda istifadə olunmayan 2 giqavatlıq enerji potensialının yaxın beş ildə 8 giqavata çatdırılması bu sahədə geniş əməkdaşlıq perspektivlərini açır. Slovakiya şirkətləri ilə birgə fəaliyyət bu imkanları daha da genişləndirəcək.
Siyasi münasibətlərdə qarşılıqlı hörmət və dəstək
Prezident İlham Əliyev Slovakiyanın müstəqil xarici siyasət yürütməsini yüksək qiymətləndirərək bildirmişdir ki, bu mövqe ölkənin beynəlxalq nüfuzunu artırır və regionda hörmətlə qarşılanır. İki ölkə arasında siyasi dialoq və qarşılıqlı anlaşma gələcək illərdə daha da dərinləşəcəkdir.
Beləliklə, Slovakiya Respublikasına rəsmi səfər Azərbaycan-Slovakiya münasibətlərində yeni siyasi, iqtisadi və strateji mərhələnin başlanğıcı kimi böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində aparılan danışıqlar enerji, müdafiə sənayesi, logistika, nəqliyyat, rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi sahələrində əməkdaşlığın uzunmüddətli və davamlı inkişafına güclü təkan vermişdir. Slovakiyanın yüksək səviyyəli qonaqpərvərliyi, siyasi dəstəyi və tərəflərin qarşılıqlı iradəsi əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyindən xəbər verir. Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrinini Azərbaycana rəsmi səfərə dəvət etməsi isə bu münasibətlərin inkişafının növbəti mühüm addımıdır.
Bu səfər iki dost və strateji tərəfdaş ölkənin çoxşaxəli əməkdaşlığının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyən tarixi hadisə kimi yadda qalacaq.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: