“Bakı Dialoqları” jurnalının 2025-ci il payız buraxılışı dərc olunub

ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun ingilisdilli rüblük nəşri olan “Bakı Dialoqları” (Baku Dialogues) jurnalının 2025-ci il payız buraxılışı işıq üzü görüb. Yeni nömrədə geosiyasət, regional təhlükəsizlik və enerji transformasiyası mövzularında aparılan müzakirələri əks etdirən analitik məqalələr yer alır.
Buraxılışın aparıcı məqalələrindən biri ABŞ Hərbi Dəniz Qüvvələri Kollecinin professoru Nikolas K. Qvozdev tərəfindən qələmə alınmış “Trump’s ‘Business Diplomacy’ in the Caucasus” adlı analitik yazıdır. Məqalədə ABŞ administrasiyasının Cənubi Qafqazda sülh və əməkdaşlığı təşviq etmək üçün tətbiq etdiyi yeni “biznes diplomatiyası” modelinin məntiqi və TRIPP çərçivəsinin mümkün təsirləri araşdırılır.
Regional geosiyasi vizyonların müqayisəsinə həsr olunmuş digər əsas məqalə İnkişaf və Diplomatiya İnstitutunun baş elmi işçisi Nərgiz Əzizovanın “The 3Bs Framework: Brussels–Baku–Beijing” adlı yazısıdır. Müəllif Avropa İttifaqı, Azərbaycan və Çin arasındakı geoiqtisadi qarşılıqlı təsirlərin İpək Yolu regionunda yeni güc arxitekturası formalaşdırdığını əsaslandırır.
Buraxılış həmçinin böyük güclər arasında rəqabətin mümkün istiqamətlərini araşdıran Çingiz Məmmədovun “Will the Chinese Dragon Outfly the American Eagle?” adlı məqaləsini təqdim edir. Yazıda Çin–ABŞ rəqabətinin İpək Yolu regionu üçün yaratdığı yeni reallıqlar və risklər təhlil olunur.
Azərbaycanın xarici siyasətində artan çoxtərəflilik və balanslaşdırma yanaşması isə Fərid Şükürlü və Cozef Şumunovun “Azerbaijan's Active Non-Alignment” məqaləsində geniş şərh edilir.
Jurnalın enerji geoiqtisadiyyatına həsr edilmiş bölməsi üç mühüm məqalə ilə təmsil olunur. Artem Kraşakov “Azerbaijan’s All-of-the-Above Energy Strategy” adlı yazısında Azərbaycanın enerji təhlükəsizliyinə hərtərəfli yanaşmasını araşdırır. Füzuli Əliyevin “Baku’s Green Finance Policy” məqaləsində ölkənin yaşıl maliyyə təşəbbüslərinin regional dayanıqlı inkişafda rolu təhlil edilir. Enerji siyasətinin Avropa perspektivi isə Samuel Furfarinin “The Evolution of the EU’s Regulatory Role in Energy” məqaləsində əksini tapır.
Jurnalın tam versiyası ilə tanış olmaq və yükləmək üçün bakudialogues.ada.edu.az saytına daxil ola bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: