azturkxeber.az
http://azturkxeber.az

"ASAN xidmət"in “DIGIAGE BAKU 2025” rəqəmsal oyun düşərgəsi keçirilib

08-12-2025

5–7 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin "DIGIAGE" ilə birgə əməkdaşlığı çərçivəsində “DIGIAGE Baku 2025” rəqəmsal oyun düşərgəsi təşkil olunub.

Məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyunlar hazırlaması və layihələrini təqdim etmələridir. Eyni zamanda onların qlobal bazara çıxışla bağlı təcrübə qazanmalarına və yeni startap təşəbbüsləri formalaşdırmalarına dəstək hədəflənib. Bu prosesdə iştirakçılar komanda işi, layihə təqdimatı və marketinq bacarıqlarını inkişaf etdirməklə yanaşı, yaradıcı yanaşmalarını da gücləndirərək yeni oyun konsepsiyaları hazırlayıblar. Həmçinin onlar sektor mütəxəssislərindən şəbəkələşmə və karyera inkişafı üçün faydalı tövsiyələr əldə ediblər.

Düşərgəyə ümumilikdə 28 komanda və 134 fərdi müraciət olmaqla 238 nəfər qatılıb. Seçilmiş 100 iştirakçıya iki həftə ərzində data əsaslı oyun marketinqi və yayım proseslərinə dair iki ayrı təlim keçirilib.

Üç gün davam edən düşərgədə qəbul mərhələlərini tamamlayan iştirakçılar fərdi və ya komanda şəklində iştirak ediblər. Onlara oyun hazırlığında istifadə olunan müasir proqramlar, oyun inkişafının müxtəlif mərhələləri və sektor üzrə karyera imkanları barədə məlumat verilib. Tanınmış şirkət nümayəndələri və oyun dizaynerləri motivasiya xarakterli təcrübələrini bölüşüblər.

Düşərgə müddətində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Bilişim Vadisi”nin baş icraçı direktoru Erkam Tüzgen komanda işlərini izləyərək iştirakçılarla görüşüblər.

Yekunda 19 komanda hazırladıqları oyunları münsiflər heyətinə təqdim ediblər. Potensiallı hesab olunan “Untitle Game Studio”, “Neecro Projects” və “Voyagers” komandaları ilk üçlükdə qərarlaşıblar. “Rital Interactive” isə münsiflərin həvəsləndirici mükafatına layiq görülüb. Qalib komandalarla investisiya görüşləri davam etdiriləcək və onlara mentor dəstəyi veriləcək. Bütün komandalara isə "DIGIAGE" tərəfindən mentorluq dəstəyi davam etdiriləcək.

2023-cü ildən bəri təşkil olunan və bu il üçüncüsü gerçəkləşən düşərgələrə ümumilikdə 500-dən çox müraciət qəbul edilib, 300-dən artıq müraciətçi yarışmada iştirak hüququ qazanıb. Ümumilikdə 60-dan çox komanda düşərgələrdə yer alıb və bir çox komanda investisiya və mentorluq qiymətləndirməsinə cəlb olunub.

Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” ilə “Bilişim Vadisi Bakı” arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilir. Məqsəd texnoloji bacarıqların inkişaf etdirilməsi, təlimlərin təşkili və ölkədə innovativ həllərin tətbiqinə dəstək verməkdir. Həmçinin hakaton və butkamp modeli əsasında birgə layihələrin hazırlanması prioritetdir.

Sponsorlar: PASHA Holding

Tərəfdaş: Code Academy

Media tərəfdaşı: ASAN Radio və TV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031