azturkxeber.az
http://azturkxeber.az

Gənclər Dialoqunun ikinci günündə D-8 Bakı Gənclər Bəyanatı qəbul olunub

07-12-2025

Dekabrın 7-də Bakıda keçirilən D-8 Gənclər Dialoqunun ikinci günü uğurla başa çatıb.

Gün ərzində gənclər siyasəti, şəhər inkişafı və dayanıqlı şəhər mühitinin formalaşmasında gənclərin roluna dair bir sıra panel müzakirələri təşkil olunub.

Proqramın ilk paneli “Şəhərlərdə mobillik: Daha inklüziv və gəncləryönümlü mobillik sistemləri üçün siyasətlər, innovasiyalar və həllər” mövzusuna həsr edilib. Müzakirələrdə şəhər nəqliyyatının əlçatanlığı, gənclərin ehtiyaclarına uyğunlaşdırılmış mobil yanaşmalar, rəqəmsal nəqliyyat həlləri və dayanıqlı şəhər mühitinin qurulması məsələləri diqqət mərkəzində olub.

Ardınca “Yaşıl urban inkişaf üçün bacarıqlar: Dayanıqlı və aşağı karbonlu şəhərlər naminə gənclər” paneli keçirilib. Ekspertlər və iştirakçılar gənclərin yaşıl bacarıqlarının inkişaf etdirilməsi, ekoloji davamlı şəhər modellərinin yaradılma imkanları və aşağı karbonlu gələcəyə keçidi sürətləndirən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Sessiyalar boyunca üzv ölkələrin nümayəndələri urbanizasiya, ekoloji siyasət, innovasiya və gənclərin fəal iştirakının gücləndirilməsi sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Tədbirin rəsmi bağlanış mərasimində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, misirli gənc Karen Hani çıxış ediblər. Tədbirin sonunda D-8 ölkələrinin nümayəndələri tərəfindən D-8 Bakı Gənclər Bəyanatı qəbul olunub. Bəyanat gənclərin qərarvermə proseslərində rolunun artırılması, dayanıqlı urban inkişaf, yaşıl bacarıqların gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq öhdəlikləri əks etdirir.

Qeyd edək ki, iki gün davam edən D-8 Gənclər Dialoqu region ölkələri arasında gənclər siyasətinə və dayanıqlı urban inkişaf üzrə tərəfdaşlığın möhkəmlənməsinə, eləcə də yeni ortaq təşəbbüslərin formalaşmasına mühüm töhfə vermək məqsədi daşıyıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031