DOST Agentliyində Serbiya nümayəndə heyəti ilə görüş olub
DOST Agentliyində ölkəmizdə səfərdə olan Serbiyanın ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaceviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar.
Bundan sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov son illərdə ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, həmçinin DOST konsepsiyası barədə məlumat verib. Qeyd olunub ki, hazırda DOST mərkəzlərində 161 növ sosial xidmət “bir pəncərə” prinsipi ilə təqdim olunur.
Serbiya nümayəndə heyəti üçün DOST konsepsiyası barədə təqdimat nümayiş etdirilib.
Görüş zamanı ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.