“Konstitusiya və Suverenlik İli” çərçivəsində Lənkəranda tədbir keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ictimai fəal gənclər, o cümlədən Lənkəran Dövlət Universitetinin tələbələri üçün Lənkəran şəhərində maarifləndirmə tədbiri keçirilib.
Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tədbirdə çıxış edərək, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilmiş islahatlar, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş əsas insan hüquq və azadlıqları və həmin hüquqların müdafiəsi mexanizmləri barədə məlumat verib.
Eyni zamanda, müstəqil insan hüquqları müdafiə mexanizmi kimi Ombudsman təsisatının fəaliyyət istiqamətlərindən bəhs edilib, tədbir iştirakçıları Ombudsmana müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi barədə məlumatlandırılıb və onları maraqlandıran suallar cavablandırılıb.