Böyük Qayıdış: Qarabağ Universitetinin Klinika və Tibb Fakültəsi
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf proqramı çərçivəsində bu dəfə Xankəndi şəhərində elm və təhsil sahəsində yeni mərhələ başlanır. Tibb fakültəsi müasir tələblərə uyğun avadanlıqlarla təmin olunub. Burada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana və brifinq zalları yaradılıb. Fakültədə yerli və xarici ekspertlərin hazırladığı beynəlxalq səviyyəli altıillik tibb və dördillik tibb bacısı proqramları tədris olunacaq.
Klinika tibb ixtisası üzrə təhsil alan tələbələrin peşəkar həkim kimi yetişməsini təmin etməklə yanaşı, regionda əhalinin sağlamlığının qorunmasında da mühüm rol oynayacaq. Burada tədris, tədqiqat və tibbi xidmət istiqamətləri bir mərkəzdə birləşəcək.
Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsinin yaradılması və Klinikanın fəaliyyətə başlaması yeni dövrün çağırışlarına cavab verən müasir tibb mütəxəssislərinin hazırlanması istiqamətində mühüm addımdır.