Britaniya və ABŞ onlayn fırıldaqçılıq şəbəkəsinə qarşı birgə əməliyyat həyata keçirib
Böyük Britaniya və ABŞ hökumətləri Cənub-Şərqi Asiyada onlayn fırıldaqçılıq həyata keçirən və insan alveri yolu ilə məcburi əməyə cəlb edilmiş şəxsləri işgəncə altında işlədən beynəlxalq şəbəkəyə qarşı sanksiyalar tətbiq edib.
Sanksiyalar nəticəsində Böyük Britaniyada şəbəkəyə məxsus 19 daşınmaz əmlak, o cümlədən Londonun şimalında yerləşən 12 milyon funt-sterlinq dəyərində malikanə dondurulub. Bu addım hökumətin maliyyə sisteminin istismarına qarşı mübarizə planının bir hissəsi kimi həyata keçirilir. Məlumata görə, bu şəbəkə dünyanın müxtəlif yerlərindəki qurbanları, o cümlədən Böyük Britaniya vətəndaşlarını saxta romantik münasibətlər və digər onlayn sxemlər vasitəsilə aldatmaqla milyonlarla funt-sterlinq ziyana salıb. Bildirilib ki, fırıldaqları həyata keçirən şəxslərin çoxu insan alverinin qurbanlarıdır, onlar zorla saxlanılır və işgəncə hədəsi ilə bu cinayətlərə məcbur edilirlər.
Şəbəkənin rəhbəri Çen Ji və onun tərəfdaşları Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə Londonda 12 milyon funt-sterlinqlik malikanə, 100 milyon funt dəyərində ofis binası və 17 mənzilə sahib olublar.
Böyük Britaniya hökumətinin sanksiyaları nəticəsində bu əmlaklar və şirkətlər dərhal dondurulub, Çen və onun şəbəkəsinin ölkənin maliyyə sisteminə çıxışı tamamilə məhdudlaşdırılıb.
Bu addım Böyük Britaniyanın fırıldaqçılığa qarşı strategiya və gələn il keçiriləcək qanunsuz maliyyə ilə mübarizə sammiti ərəfəsində əhalinin maliyyə təhlükəsizliyini qorumaq məqsədini daşıyır.