Yaşlı insanların kartlarından pul oğurlayan şəxs saxlanılıb
Paytaxtın Nərimanov rayonunda iki nəfər polisə müraciət edərək bank kartlarından ümumilikdə 2 min manat məbləğində vəsaitlərinin oğurlandığını bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Orxan Cəlilov saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, O. Cəlilov əsasən yaşlı insanlara bankomatlardan pul çıxarmaqda “kömək etmək” adı ilə yaxınlaşıb. O, zərərçəkən şəxslərin kartlarını bankomata daxil edəndən sonra hesabda pul vəsaitinin olmadığını deyib. Həmin şəxslər bankomatdan uzaqlaşdıqdan sonra əvvəlcədən təyin etdiyi məbləğləri çıxararaq ərazidən kənarlaşıb.
O. Cəlilovdan əlavə olaraq psixotrop tərkibli metadon həbləri də aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.