Qarabağ Universitetində “Əbədi qalibiyyətin başlanğıcı” adlı tədbir keçirilib
Qarabağ Universitetində Tələbələrlə İş Mərkəzinin dəstəyi və “Dəyərlər” klubunun təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan “Əbədi qalibiyyətin başlanğıcı” adlı tədbir keçirilib.
Tədbirdə Qarabağ Universitetinin bir qrup tələbələri və əməkdaşları iştirak edib.
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxışlara başlanılıb. Bildirilib ki, tədbirin əsas məqsədi gənclərə qəhrəman şəhidlərimizin və igid qazilərimizin şücaətlərini tanıtmaq, vətənpərvərlik tərbiyəsini möhkəmləndirmək və Qarabağ Zəfərinin əhəmiyyətini gələcək nəsillərə ötürməkdir.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıqlardan bəhs edərək, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizə dərin ehtiramlarını və sonsuz minnətdarlıqlarını bildiriblər.
Vətən müharibəsi iştirakçısı, Qarabağ Universitetinin əməkdaşı Zahir Əvəzli döyüş xatirələrini bölüşərək şəhidlərimizin və qazilərimizin qanı və canı ilə qazanılmış tarixi Zəfərdən sonra gənclərin üzərinə düşən vətənpərvərlik məsuliyyətini vurğulayıb.
Tələbələr şəhidlərimizin qəhrəmanlıqları ilə bağlı düşüncələrini ifadə edərək Anım Gününün mənəvi əhəmiyyətini önə çəkiblər.
Qeyd edək ki, sözügedən seminar 27 sentyabr – Anım Günü münasibətilə Qarabağ Universitetində nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub.