azturkxeber.az
http://azturkxeber.az

“Emirates” sərnişinlərə yeni qaydaların qüvvəyə minməsini xatırladıb

27-09-2025

“Emirates” sərnişinlərə yeni qaydaların qüvvəyə minməsini xatırladıb

“Emirates” aviaşirkəti sərnişinlərə xatırladıb ki, 2025-ci il oktyabrın 1-dən etibarən təyyarədə smartfonların, planşetlərin və digər elektron cihazların enerji yığımı üçün istifadə olunan portativ akkumulyatorların (powerbank) daşınması və istifadəsi ilə bağlı yenilənmiş qaydalar qüvvəyə minəcək. Artıq uçuş zamanı pauerbanklardan istifadə etmək qadağan olunacaq.

Şirkətin saytında bildirilir ki, hər sərnişinə yalnız tutumu 100 vatt-saata qədər olan bir ədəd xarici akkumulyator götürməyə icazə verilir. Qurğu yalnız əl yükündə daşına bilər, baqaja təhvil verilə bilməz. Bununla yanaşı, uçuş zamanı qurğudan istifadə etmək və ya onu enerji ilə doldurmaq qadağan olunur. Pauerbankı baqaj rəfinə deyil, yalnız oturacağın altına və ya qarşıdakı oturacağın ciblərinə yerləşdirmək olar.

Zədələnmiş və ya həddindən artıq doldurulmuş akkumulyatorlar qızaraq yanğına, partlayışa və ya zəhərli qazların yayılmasına səbəb ola bilər. Yeni tədbirlər sərnişinləri mümkün insidentlərdən qorumaq məqsədi daşıyır.

“Emirates”in daha əvvəl xatırlatdığı kimi, yeni qaydalara əsasən, təyyarəyə ayrıca qablaşdırmada olmaq şərti ilə ən çox 15 fərdi elektron cihaz – noutbuk, planşet, telefon və s. götürmək olar. Böyük həcmli litium batareyaları olan “ağıllı” çamadanlar, giroskuterlər və mini-siqveylərin daşınmasına isə icazə verilmir.

Eyni zamanda, “Etihad” aviaşirkəti “Bluetooth” texnologiyası ilə işləyən səs gücləndiricilərin daşınması qaydaları ilə bağlı xəbərdarlıq yayıb. Şirkətin nümayəndələri sosial şəbəkədə sərnişinin sualına cavab olaraq bildiriblər ki, portativ səsgücləndiriciləri baqajda daşımaq və ya salona daxil etmək olar, lakin bu, icazə verilən 15 elektron cihazın ümumi siyahısına daxildir.

Bununla yanaşı, baqajda daşınan bütün cihazlar tamamilə söndürülməli və etibarlı şəkildə qablaşdırılmalıdır. Əlavə akkumulyatorlar, pauerbanklar və elektron siqaretləri qeydiyyatdan keçirilmiş baqaja qoymaq qəti qadağandır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930